Qətlə görə ölüm cəzası almışdı - 40 il sonra azadlığa çıxacaq

qetle-gore-olum-cezasi-almisdi
Oxunma sayı: 781

ABŞ-nin Yuta ştatının sakini, 1985-ci ildə qətlə görə ölüm cəzasına məhkum edilmiş 71 yaşlı Duqlas Stüart Karter girov müqabilində azadlığa buraxılacaq.

“Qafqazinfo” “CBS News” telekanalına istinadən xəbər verir ki, buna səbəb cinayət yerindən götürülmüş və əvvəllər analiz edilmiş nümunələrlə onun DNT-sinin üst-üstə düşməməsidir.  

Məlumata görə, Karter Yuta ştatının Provo şəhərinin polis rəisinin xalası Eva Olesenin qətlində ittiham olunaraq, 1985-ci ildə ölüm cəzasına məhkum edilib. Halbuki məhkumun cinayət yerində olmasını sübut edən maddi sübutlar mövcud olmayıb.

Hökm andlılar məhkəməsi tərəfindən Karterin etirafı və iki şahidin ifadələri əsasında çıxarılıb. Həmin şahidlər təqsirləndirilən şəxsin Olesenin qətli barədə danışdığını bildiriblər. Lakin sonradan hər iki şahid ifadələrindən imtina ediblər. 

2025-ci ildə Yuta ştatının Ali Məhkəməsi müstəntiqlərin qanunsuz hərəkətləri səbəbindən qətlin yenidən araşdırılması barədə qərar qəbul edib. Karterin özü də hədələndiyini və törətmədiyi qətli etiraf etməyə məcbur edildiyini bildirib. 

Qətlə yetirilmiş qadının ailəsi isə istintaqın davam etdiriləcəyinə ümid edir. Eva Olesenin gəlininin fikrincə, DNT-nin uyğunsuzluğu məhkumun cinayət yerində olmadığı anlamına gəlmir.