“Qızıl top”un sahibi nə vaxt bəlli olacaq? - Tarix açıqlandı

qizil-topun-sahibi-ne-vaxt-belli-olacaq
Oxunma sayı: 293

“France Football” nəşri futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top”un (Ballon d'Or) namizədlərinin açıqlanacağı və təqdimat mərasiminin keçiriləcəyi tarixi elan edib.

“Qafqazinfo” xəbər verir ki, təşkilatçıların verdiyi məlumata görə, 2025/26 mövsümünün yekunlarına əsasən, bütün nominasiyalar üzrə namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. 

Təntənəli mükafatlandırma mərasimi isə oktyabrın 26-da Londonda baş tutacaq.

Qeyd edək ki, bu il “Qızıl top”un yubiley – 70-ci təqdimat mərasimi keçiriləcək.

Sentyabrın 8-də aşağıdakı nominasiyalar üzrə qısa siyahılar ictimaiyyətə təqdim olunacaq:

“Qızıl top” (kişilər və qadınlar): hər biri üzrə 30 namizəd;

İlin ən yaxşı gənc futbolçusu: kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı qapıçısı: kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı məşqçisi: kişilər və qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı hücumçusu: kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı klubu: kişilər və qadınlar üzrə 5 klub.

Məlumat üçün bildirək ki, nüfuzlu mükafat uğrunda mübarizədə əsas favoritlər arasında Lamin Yamal, Harri Keyn, Kilian Mbappe, Maykl Olise və Xviça Kvaratsxeliya yer alır. Ötən ilin qalibi, PSJ və Fransa millisinin hücumçusu Usman Dembele də titulunu qorumağa çalışacaq.

Xatırladaq ki, “Qızıl top” mükafatı 1956-cı ildə “France Football” nəşrinin keçmiş baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib və ilk qalibi ingiltərəli Stenli Mettyuz olub. Mükafatın mütləq rekordçusu 8 dəfə bu titula layiq görülən Lionel Messidir. 1995-ci ildən mükafat istənilən milliyyətdən olan futbolçulara verilməyə başlanıb, 2007-ci ildən isə coğrafi məhdudiyyətlər tamamilə aradan qaldırılıb.