Qlobal dünyaya milli kimlik və azərbaycançılıq mesajları

qlobal-dunyaya-milli-kimlik-ve-azerbaycanciliq-mesajlari
Oxunma sayı: 263

2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi yalnız mədəniyyətlərarası münasibətlərin əhəmiyyətinə dair fikirlərlə məhdudlaşmadı, tarixi-mədəni kimliyimiz, dövlət müstəqilliyimiz, milli həmrəyliyimiz, beynəlxalq münasibətlər sistemində mövqeyimiz, müharibə və sülh məsələlərinə yanaşmamız, eləcə də qlobal siyasətdə ədalət və bərabərlik prinsiplərimiz geniş şəkildə əksini tapdı. 

100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçdiyi, 500-dən artıq xarici qonağın qatıldığı Forumun miqyası bu platformanın beynəlxalq əhəmiyyətini göstərməklə yanaşı, onun müasir dünyanın aktual problemlərinin müzakirəsi üçün formalaşmış dialoq məkanına çevrildiyini də nümayiş etdirdi.

Forumda Prezidentin çıxışını fərqləndirən əsas cəhətlərdən biri mədəniyyətlərarası dialoqun yalnız humanitar və mənəvi münasibətlər müstəvisində deyil, həm də dövlətlərin siyasi müstəqilliyi, milli suverenliyi, təhlükəsizliyi və beynəlxalq əməkdaşlığı kontekstində təqdim edilməsidir. Bəzi məqamlara diqqət edək.

Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın mədəniyyət körpüsüdür

Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi mövqeyinin tarixi və mədəni əhəmiyyətinə xüsusi diqqət yetirdi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın əsrlər boyu iki böyük sivilizasiya məkanı arasında mədəni əlaqələrin formalaşmasında körpü rolunu oynadığını vurğuladı. Dövlət başçısının bu fikri Azərbaycanın mədəniyyətlərarası dialoq fəlsəfəsinin əsasını təşkil edən tarixi yanaşmanı ifadə edir. Burada söhbət yalnız coğrafi mövqedən getmir. Azərbaycanı fərqləndirən xüsusiyyət müxtəlif etnik və dini icmaların uzun əsrlər boyu eyni ictimai mühitdə yaşaması, qarşılıqlı münasibətlər qurması və ortaq həyat ənənələri formalaşdırmasıdır. Prezidentin fikrincə, multikulturalizm və dini-etnik tolerantlıq Azərbaycan cəmiyyəti üçün sonradan qəbul edilmiş siyasi konsepsiya deyil, xalqın əsrlər boyu yaşatdığı dəyərlər sistemidir.

Bu kontekstdə çıxışın diqqətçəkən məqamlarından biri multikulturalizmin cəmiyyətin sabit inkişafı ilə əlaqələndirilməsidir. Prezident İlham Əliyev müxtəlif etnik və dini qrupların nümayəndələrinin konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malik olduğunu və bir ailə kimi yaşadığını qeyd etdi. O, bu ictimai həmrəyliyin Azərbaycanın sabitliyinin mühüm dayaqlarından biri olduğunu vurğuladı. Çıxışda multikulturalizmin yalnız müxtəlif mədəniyyətlərin qorunması deyil, həm də milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi amili kimi təqdim olunur.

Azərbaycançılıq etnik müxtəlifliyin vahid milli ideya ətrafında birləşməsidir

Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini günümüzədək özündə qoruyub saxlayan baxışlar sistemi kimi azərbaycançılıq ideyasının təşəkkül tapmasında Heydər Əliyevin misilsiz xidmətləri vardır. O, müstəqillik dövrünün azərbaycançılıq – milli dövlətçilik ideologiyasını formalaşdırmış, sistemləşdirmiş, məfkurə, birlik səviyyəsində əsaslandırmışdır. 

Ulu öndər Heydər Əliyevin ideyalarının, dövlətçilik təliminin siyasi təməlində azərbaycançılıq ideologiyası dayanmışdır; o, ideoloji düşüncəmizin ənənələrini nəzərə almış, bu konsepsiyada tarixiliklə müasirliyin nəzəri-təcrübi vəhdətini, azərbaycançılıq məfkurəsinin gələcəyə yönəlməsini, uğurlar qazanmasını əsaslandırmışdır. Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.   

Prezident İlham Əliyevin nitqində xüsusi diqqətçəkən anlayışlardan biri azərbaycançılıq ideyasıdır. Dövlət başçısı bu ideyanı Azərbaycanda yaşayan bütün xalqları və etnik qrupları birləşdirən ümummilli dəyər kimi səciyyələndirdi. Onun fikrincə, ölkədəki müxtəlif etnik və dini icmaların nümayəndələrinin vahid milli ideya ətrafında birləşməsi müstəqillik tarixinin ən mürəkkəb dövrlərində özünü göstərib. Azərbaycançılıq inteqrativ ideoloji sistem, milli ideya formasıdır, bu ideyanın əsasında sivilizasiyalı, milli mənəviyyatlı, mentalitetli Azərbaycan təsəvvürü dayanır.

Tarixi inkişafda dünya mədəniyyətinə inteqrasiya olunan milli ideya dövlət quruculuğu prosesində həmişə yaradıcı rol oynamışdır. Müstəqil bir dövlətin ideologiyası siyasi amillərin həlli üçün lazımi vasitə, mühüm resursdur; azərbaycançılıq  cəmiyyətdə ayrıca bir vətəndaşın amalının ümummilli və ümumbəşəri dəyərlər dünyasına qovuşdurmaqdır. Bu məfkurənin gücü  bundadır ki, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. 

Bu məqamda Prezident İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin birlik nümayiş etdirməsini xatırladaraq bunu “Dəmir yumruq” rəmzi ilə ifadə etdi. Milli birlik etnik və dini eynilik üzərində deyil, ümumi dövlətə, Vətənə və ortaq dəyərlərə bağlılıq üzərində formalaşa bilər. Prezidentin bu yanaşmasında azərbaycançılıq ideyası cəmiyyətdəki müxtəlifliyi aradan qaldıran deyil, həmin müxtəlifliyi vahid dövlətçilik məfkurəsi daxilində birləşdirən prinsip kimi təqdim olunur.

Müharibənin başa çatdırılması və sülhün təmin edilməsində Azərbaycan təcrübəsi

Prezident İlham Əliyevin nitqinin beynəlxalq auditoriya üçün mühüm mesajlarından biri müharibələrin başlanması və başa çatdırılması ilə bağlı səsləndirilən fikirlərdir. Prezident İlham Əliyev müasir dünyada münaqişələrin sayının artmasına, lakin onların başa çatdırılmasının getdikcə çətinləşməsinə diqqət çəkdi. O, müharibəyə başlamağın asan, onu bitirməyin isə son dərəcə mürəkkəb olduğunu vurğuladı. Bu kontekstdə Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinin vacibliyini qeyd etdi. 

Dövlət başçısının təqdimatında Azərbaycanın təcrübəsi ərazi bütövlüyünün bərpası, hərbi əməliyyatların dayandırılması və sülh təklifinin irəli sürülməsi mərhələlərinin ardıcıllığı ilə xarakterizə olunur. Prezidentin fikrincə, münaqişələrin əsas səbəbləri sırasında siyasi ambisiyalar, təcavüzkarlıq, üstünlük hissi və törədilən əməllərə görə cəzasız qalacaqlarına inam dayanır. Bu yanaşma diqqəti münaqişələrin yalnız hərbi nəticələrinə deyil, onların yaranmasına səbəb olan siyasi və psixoloji amillərə də yönəldir.

Çıxışın mühüm məqamlarından biri də beynəlxalq təşkilatların qərarlarının icra mexanizmləri ilə bağlıdır. Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnaməsinin uzun müddət icra olunmadığını xatırlatdı, beynəlxalq qərarların kağız üzərində qalmaması üçün real icra mexanizmlərinin yaradılmasının vacibliyini vurğuladı. Bu fikir müasir beynəlxalq münasibətlər sisteminin qarşılaşdığı fundamental problemlərdən birinə –hüquq normalarının tətbiqindəki fərqlərə diqqət çəkir.

İkili standartlar beynəlxalq aləmdə həllini gözləyən problemdir

Prezidentin nitqində ən geniş siyasi məzmun daşıyan məsələlərdən biri ikili standartlar siyasətinə münasibət idi. Dövlət başçısı Azərbaycanın uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində fərqli yanaşmalarla üzləşdiyini bildirdi: işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi, Ermənistanın sanksiyalara məruz qalmaması və digər beynəlxalq münasibətlərin yaratdığı ziddiyyətlər. İkili standartların yalnız münaqişələrə münasibətdə deyil, dövlətlərin daxili işlərinə yanaşmada da özünü göstərdiyini vurğuladı. Cənab Prezidentin fikrincə, heç bir dövlətin başqa müstəqil ölkəyə necə yaşamalı olduğunu, hansı siyasi və ictimai seçimləri etməli olduğunu diktə etmək hüququ yoxdur. Bu mövqe dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət prinsipləri ilə əlaqələndirilir.

Prezident mədəniyyətlərarası dialoqun səmərəli olması üçün yalnız müxtəlif mədəniyyətlərin bir-birini tanımasının kifayət etmədiyini, dövlətlər arasında siyasi münasibətlərdə də bərabərlik və qarşılıqlı hörmətin təmin edilməli olduğunu ön plana çəkdi. Dialoq yalnız mədəniyyətlər arasında deyil, dövlətlərin öz aralarında da bərabərhüquqlu münasibətlər əsasında qurulmalıdır.

Müstəqillik və milli iradə 

Cənab Prezident qeyd etdi ki, Azərbaycan uzun müddət dövlət müstəqilliyindən məhrum olsa da, milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlaya bilib. Müxtəlif siyasi sistemlər daxilində yaşamasına baxmayaraq, xalqın milli ruhunun və özünəməxsusluğunun itirilmədiyini vurğuladı. Müstəqilliyin bərpasından sonra Azərbaycanın öz taleyinin sahibi olduğunu və ölkədə əldə edilmiş inkişafın, əsasən, xalqın öz səyləri nəticəsində baş verdiyini bildirdi. Bu fikirlərdə müstəqillik yalnız hüquqi-siyasi status kimi deyil, xalqın öz gələcəyini müəyyənləşdirmək imkanı kimi təqdim olunur.

Yeni tərəfdaşlıq formatları

Azərbaycanın dövlət başçısı 2025-ci ildə Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, ABŞ ilə isə Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığını xatırlatdı. Eyni zamanda, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə və ya sazişlərin mövcud olduğunu bildirdi. Bundan əlavə, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Sammitinə ev sahibliyi və təşkilata sədrlik edəcəyini, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Sammitinin Bakıda keçiriləcəyini diqqətə çatdırdı. Bu faktların bir nitq daxilində təqdim olunması Azərbaycanın müxtəlif siyasi, coğrafi və sivilizasiya məkanları ilə əlaqələrini paralel şəkildə inkişaf etdirmək strategiyasını nümayiş etdirir.

Prezident İlham Əliyevin fikrincə, Azərbaycanın həm İslam dünyası, həm də Avropa siyasi məkanı ilə əlaqələrinin genişlənməsi ölkənin multikulturalizm və mədəniyyətlərarası əməkdaşlıq ənənələri ilə də bağlıdır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə coğrafi mövqeyini yalnız tranzit imkanları ilə deyil, siyasi və diplomatik əlaqələr qurmaq potensialı ilə də əlaqələndirir.

Sülhün yeni mərhələsi və Cənubi Qafqazın gələcəyi

Azərbaycan lideri 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin bağlanmasını xatırlatdı. Üçtərəfli Bəyannamənin imzalanmasını da regional münasibətlər baxımından əhəmiyyətli hadisə kimi təqdim etdi. 

Bu məsələnin mədəniyyətlərarası dialoq forumunda səsləndirilməsi təsadüfi deyil. Çünki davamlı sülh yalnız siyasi sənədlərin imzalanması ilə deyil, xalqlar arasında qarşılıqlı etimadın, əməkdaşlığın və birgəyaşayış mədəniyyətinin formalaşması ilə də bağlıdır. Prezidentin çıxışında sülhün regional sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələri və qarşılıqlı münasibətlərin inkişafı üçün yeni imkanlar yaratdığı fikri ön plana çıxır.

Cənubi Qafqazda sülh məsələsi təkcə iki dövlət arasındakı münasibətlərin normallaşması deyil, həm də daha geniş regional əməkdaşlıq perspektivi kontekstində nəzərdən keçirilir.

Dialoqdan əməkdaşlığa: Azərbaycanın gələcəyə baxışı

Prezident İlham Əliyevin çıxışının yekun məzmununda iqtisadi potensial, fəal xarici siyasət, dinindən, dilindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən və fiziki imkanlarından asılı olmayaraq hər kəsin cəmiyyətin həyatında bərabər iştirak edə bilməsi, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələri vahid inkişaf modelinin bir-birini tamamlayan komponentləri kimi təqdim olunur. Dövlət başçısı qeyd etdi ki, iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətdəki həmrəylik və multikulturalizm ənənələri bir-birini tamamlayaraq Azərbaycanın davamlı inkişafına və gələcəyə nikbin baxmasına geniş imkanlar yaradır. 

Bununla yanaşı, müasir dünya hadisələrinin proqnozlaşdırılmasının çətin olduğunu, münaqişələrin və təhlükəsizlik risklərinin artdığını da vurğuladı. Dialoqun yalnız müzakirə və fikir mübadiləsi ilə məhdudlaşmaması, konkret siyasi, iqtisadi və humanitar əməkdaşlığa çevrilməsidir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq” mövzusu da məhz bu yanaşma ilə səsləşir.

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 
filologiya elmləri doktoru, professor