Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən Süleyman Sani Axundov küçəsinin sakinləri aylardır davam edən içməli su problemi ilə üzləşdiklərini iddia edirlər.
“Qafqazinfo” xəbər verir ki, sakinlərin sözlərinə görə, küçədə yaşayan 100-ə yaxın ailənin evinə təxminən 5-6 aydır su verilmir.
Onlar bildirirlər ki, içməli suya olan tələbatı yalnız ödənişli su maşınları vasitəsilə qarşılaya bilirlər ki, bu da ailə büdcəsinə ciddi yük yaradır.
Sakinlərdən biri vəziyyəti belə təsvir edib:
“Suyu maşınla alırıq. Bir ton suya 25 manat ödəyirik, amma o da üç günə qurtarır. Dəfələrlə müraciət etmişik, istəyimiz odur ki, gəlib sayğac quraşdırsınlar, bizə abonent kodu versinlər”.
Digər sakin isə maddi imkanlarının su almağa belə çatmadığını bildirib:
“Qonşudan 20 manat borc alıb su gətirmişəm. Artıq hər yerə borcum var”.
Məsələ ilə bağlı Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, sözügedən ərazi nasos stansiyası vasitəsilə deyil, su anbarından öz axımı ilə qidalanır:
“Ərazinin relyef baxımından nisbətən hündürlükdə yerləşməsi, eləcə də bəzi sakinlər tərəfindən çəkilmiş normativ tələblərə uyğun olmayan fərdi su xətlərinin mövcudluğu yay mövsümündə su təchizatında müəyyən çətinliklərin yaranmasına səbəb olur. Mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən su anbarının istismara verilməsi istiqamətində zəruri işlər davam etdirilir. Layihənin yaxın müddətdə tamamlanması ilə həmin ərazidə su təchizatı ilə bağlı mövcud çətinliyin aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, su təchizatında müvəqqəti çətinlik yaranan ərazilərdə vətəndaşların suya olan tələbatının ödənilməsi məqsədilə qrafik əsasında su maşınları ilə içməli suyun daşınması təmin edilir”.
Daha ətraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər