Qubada ziyalı və sahibkarların növbəti görüşü keçirilib - Fotolar

qubada-ziyali-ve-sahibkarlarin-novbeti-gorusu-kecirilib
Oxunma sayı: 642

Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının təşkilatçılığı ilə Qubada ziyalı və sahibkarlarının növbəti görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə müxtəlif sahələri təmsil edən sahibkarlar və ziyalılar iştirak ediblər. Tədbirin əsas məqsədi qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni təşəbbüslərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və regionun sosial-iqtisadi inkişafına töhfə verə biləcək fikir və layihələrin dəyərləndirilməsi olub.

Tədbir çərçivəsində iştirakçılar fəaliyyət istiqamətləri barədə məlumat verib, biznes, elm, təhsil, media və ictimai fəaliyyət sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Açıq dialoq şəraitində keçən müzakirələr zamanı yeni birgə layihələr, investisiya imkanları, yerli istehsalın təşviqi, turizm potensialının inkişafı, gənclərin sahibkarlığa cəlb olunması və insan kapitalının gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Qeyd olunub ki, bu cür görüşlər sahibkarlar və ziyalılar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, peşəkar əlaqələrin genişlənməsinə və regionun inkişafına xidmət edən ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə verir.

Bildirilib ki, regionların davamlı inkişafı dövlətin həyata keçirdiyi siyasətlə, eyni zamanda yerli təşəbbüslər, ictimai həmrəylik və sahibkarlığın fəal iştirakı ilə daha da sürətlənə bilər. Bu baxımdan QİAD Platforması müxtəlif sahələri təmsil edən insanların bir araya gəlməsi üçün səmərəli əməkdaşlıq platforması rolunu oynayır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına xüsusi önəm verdiyi, həyata keçirilən dövlət proqramlarının ölkənin bütün bölgələrində sosial-iqtisadi inkişafın sürətlənməsinə, yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın dəstəklənməsinə və investisiya mühitinin yaxşılaşmasına mühüm töhfə verdiyi qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı siyasəti yerli təşəbbüslərin və ictimai fəallığın daha da genişlənməsi üçün əlverişli imkanlar yaradıb.

İştirakçılar bu kimi görüşlərin mütəmadi keçirilməsinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə, yeni biznes və ictimai layihələrin formalaşmasına, eləcə də Quba regionunun iqtisadi və sosial potensialının daha səmərəli reallaşdırılmasına xidmət etdiyini bildiriblər.

Sonda Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının bundan sonra da regionun inkişafına töhfə verən təşəbbüsləri dəstəkləməyə, sahibkarlar, ziyalılar və ictimai fəallar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb.