Enshededə yazılan tarixin üstündən 12 il keçir. O zaman hələ avrokubokların qrup mərhələsində debüt etməmiş, sadəcə yerli futbolçularla pley-off-a qədər gəlib adından söz etdirən “Qarabağ” var idi. Qurban Qurbanovun rekordlar qıracaq Avropa macərası da oradan başladı. Muarem Muaremin vurduğu bərabərlik qolu “Qarabağ”ı avrokubokların qrupuna daşıdı. Uğur yolunun təməli qoyuldu.
Bundan sonra isə Ağdam klubu ardıcıl 12 dəfə qruplara vəsiqə qazandı. Bunların arasında Çempionlar Liqası qrupu da var idi. 2017/2018 mövsümündə “Qarabağ” dünyanın ən böyük klub yarışında mübarizə aparmaq hüququ qazandı. Bu uğur isə bir də ötən il təkrarlandı. Qurban Qurbanovun yetirmələri ÇL-in əsas mərhələsinə düşməklə tarix yazdılar. Bununla kifayətlənməyərək əsas mərhələdə mübarizəni dayandırmadılar. Pley-off-a da vəsiqə qazandılar.
.jpg)
Bu ağır mövsüm “Qarabağ”a həm böyük qazanc gətirdi, həm də fəsadlara yol açdı. “Köhlən atlar” Kamilo Duran, Leandro Andrade kimi futbolçuların satışından milyonlar qazandı. Amma komandanın sütunlarının heyəti tərk etməsi Qurban Qurbanov üçün böyük çətinliklər yaratdı. Elə Avropa Liqasında Bolqarıstan ÇSKA-sına məğlubiyyəti də buna bağlamaq olar. Heyəti tamamilə yenidən qurulan Ağdam təmsilçisi hər iki oyunu rəqibdən üstün oynasa da, elə vuran ayaqlar Duran və Andradenin yoxluğu hiss edilirdi.
.jpg)
“Qarabağ”ın bolqarlara qarşı çıxışı azarkeşləri ümidsizliyə qərq etdi. Amma Qurban Qurbanovun varlığı Azərbaycanın ən uğurlu klubu üçün yetərlidir. Xarakterində geri addım atmaq olmayan, rəqibin kimliyindən çəkinməyən mütəxəssis Konfrans Liqasında Kiyev “Dinamo”su önündə bolqarlara məğlubiyyətin təsadüf olduğunu sübut etdi. Adlı-sanlı rəqibinə səfərdə uduzan komanda Bakıda kiyevlilərə aman vermədi.
.jpg)
Pley-off-dakı rəqib isə Niderlandın məşhur komandalarından “Tvente”dir. İlk oyunda “Qarabağ” qələbə qazandı. Amma oyundan öncə sosial şəbəkələrdə də, mediada da ümidsiz olanlar çox idi. Əksəriyyət Slovakiya DAK-ın 3-cü təsnifat mərhələsində iki oyuna 9 qol vuran “Tvente”nin favorit olduğunu, hücumda effektiv oynadığını unudurdu.
Qurban Qurbanov isə xarakterini, avrokubok təcrübəsini ortaya qoyaraq oyuna bir neçə gün qalmış komandadan ayrılan Abdullah Zubiri, ən yaxşılardan Elvin Cəfərquliyevi, hücum xəttində əsas oyunçusu Zakaria Savonu itirməsinə baxmayaraq, rəqibinə səfərdə futbol dərsi keçdi. Enshedədki 1:0-lıq qələbə “Qarabağ” üçün əla nəticədir.
.jpg)
“Qarabağ”da nə baş verirsə versin, kim gedirsə getsin Qurban Qurbanov olduqca inam həmişə var. Prinsipiallığı ilə hər rəqibə meydan oxuyan çalışdırıcı daim uğura aparan yolun əsas açarıdır. Əgər bir oyundan əvvəl mətbuat konfransında Qurban Qurbanov inamlı danışırsa, uğurun yarısı qət edilib deməkdir. Necə ki, bunu Kiyev “Dinamo”su, “Tvente” ilə matçlardan öncə gördük. “Qarabağ” üçün Enshededə başlayan 12 illik yol orada da bitmədi, davam etdi…
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər