Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, 9-10 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədovun iştirakı ilə Qusar rayonunda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı yerlərdə monitorinqlər keçirilib.
Monitorinqlərdə Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov, aidiyyəti qurumların məsul əməkdaşları və sahibkarlar iştirak ediblər.
Səfər çərçivəsində məsul şəxslər rayonda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb, təsərrüfatlara baxış keçirib, həyata keçirilən investisiya layihələri, mövcud istehsal imkanları və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrlə yerində tanış olublar.
Görüşlər zamanı sahibkarların təklifləri, qarşılaşdıqları problemlər və Dövlət Proqramı çərçivəsində Qusarda kənd təsərrüfatının inkişafı, investisiya qoyuluşlarının artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi istiqamətində qarşıda duran məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Qusar rayonunun yüksək aqrar potensialından səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın və ixrac imkanlarının artırılması Dövlət Proqramının əsas hədəflərinin yerli səviyyədə həyata keçirilməsinə mühüm töhfə verəcək.






Son xəbərlər
Son Xəbərlər