Qusarda prokurorluğun yaradılmasının 108 illiyi qeyd edildi - Foto

qusarda-prokurorlugun-yaradilmasinin-108-illiyi-qeyd-edildi
Oxunma sayı: 665

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür. 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 1-də Prokurorluq orqanları işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü münasibətilə Qusar rayonunda tədbir keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək müstəqil dövlətimizin memarının əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra tədbir Rayon Prokurorluğunun inzibati binasında davam etdirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon prokurorluğunun əməkdaşları və ziyalılar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qusar rayon prokuroru Ceyhun Mirzəyev Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin peşə bayramı münasibətilə prokurorluq işçilərinə ünvanladığı təbrik məktubunu səsləndirib və bütün prokurorluq orqanlarının əməkdaşlarını, o cümlədən rəhbərlik etdiyi kollektivi peşə bayramı münasibətilə təbrik edərək, onlara məsulliyətli fəaliyyətlərində uğurlar arzu edib.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının hüquq-mühafizə sistemində prokurorluq orqanlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, prokurorluq orqanları yarandığı gündən etibarən qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə və dövlət maraqlarının qorunması istiqamətində üzərinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirib. İcra başçısı diqqətə çatdırıb ki, qanunun aliliyinin təmin edilməsi, ədalət və obyektivlik prinsiplərinin qorunması prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindəndir. Rayon rəhbəri, həmçinin Azərbaycan prokurorluğunun keçdiyi tarixi inkişaf yolu barədə məlumat verərək, bildirib ki, rayonun hüquq-mühafizə orqanları, o cümlədən Qusar Rayon Prokurorluğu rayonda ictimai asayişin və sabitliyin qorunması, qanunçuluğun təmin edilməsi, hüquq pozuntularının qarşısının alınması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyət göstərən mühüm dövlət təsisatları sırasındadır.

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında Qusar rayonunda son dövrdə həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri haqqında da qısa məlumat verib. Qeyd edilib ki, bütün bu tədbirlər rayonun sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsinə, əhalinin rifahının yüksəldilməsinə və yaşayış məntəqələrinin müasir tələblər əsasında inkişafına xidmət edir. Sonda rayon rəhbəri prokurorluq əməkdaşlarına məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb, qarşıda duran vəzifələrin həyata keçirilməsində onlara yeni nailiyyətlər diləyib.

Digər hüquq-mühafizə orqanlarının rəhbərləri, tədbir iştirakçıları da  prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.

Rayon prokurorluğunun əməkdaşları göstərilən diqqət və etimada görə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, qanunun aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dövlətçilik prinsiplərinin qorunması istiqamətində fəaliyyətlərini ardıcıl və prinsipial şəkildə davam etdirəcəklərini bildiriblər. Çıxışlarda ölkə rəhbərliyinin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının əməkdaşların peşə fəaliyyətinə məsuliyyətlə yanaşmasına və qarşıya qoyulan vəzifələrin daha yüksək səviyyədə icrasına mühüm stimul verdiyi vurğulanıb.

Tədbirin sonunda xidməti vəzifələrinin icrasında fərqlənən, məsuliyyətli və səmərəli əmək fəaliyyəti ilə seçilən bir qrup prokurorluq əməkdaşına Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.