ABŞ ordusu İrana qarşı hava əməliyyatlarını ardıcıl yeddinci gecə də davam etdirib.
“Qafqazinfo” xəbər verir ki, Vaşinqtonun yeni zərbələrinə cavab olaraq Tehran Bəhreyndəki ABŞ hərbi obyektlərini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı qeyd olunub ki, hücumların məqsədi İranın hərbi imkanlarını daha da zəiflətməkdir.
ABŞ-nin yeni hücumlarından sonra İranın bir sıra şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilib.
İran mediasının məlumatına görə, Hörmüzqan vilayətinin Sirik şəhərində ən azı üç partlayış baş verib. Xuzistan qubernatorluğu isə Əhvaz şəhərində bir neçə məntəqənin raket hücumuna məruz qaldığını açıqlayıb.
“Tasnim” ABŞ hərbi təyyarələrinin Yəzd vilayətində bir neçə hədəfə zərbə endirdiyini, həmçinin Fars vilayətinin Lar və Darab rayonlarında da partlayışların qeydə alındığını yazıb. Hücumların dəqiq hədəfləri barədə hələlik ətraflı məlumat verilməyib.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin İran ərazisində, o cümlədən, mülki infrastruktura qarşı hücumlarına cavab olaraq Bəhreyndə yerləşən Amerika hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Bəyanata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz aparat anbarı və süni intellekt əsaslı hədəfləmə mərkəzi ballistik raketlər və çoxsaylı dronlarla vurulub.
Tehran bildirib ki, ABŞ-nin hücumları davam edəcəyi təqdirdə, regionda amerikalı investorların pay sahibi olduğu şirkətlər də hədəfə çevrilə bilər.
İraqın Ərbil şəhərində də partlayış səslərinin eşidildiyi bildirilir. Yerli media dron hücumlarının həyata keçirildiyini yazsa da, partlayışların hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və ya birbaşa zərbələr nəticəsində baş verdiyi hələ dəqiqləşdirilməyib.
Bundan başqa, Süleymaniyyədə raket və kamikadze dron hücumlarından sonra yanğın baş verdiyi barədə məlumat yayılıb.
Kürdüstan Regional Hökuməti İranın Ərbil və Süleymaniyyəyə hücumlarını pisləyərək Tehrandan hərbi əməliyyatları dayandırmağı tələb edib.
Son xəbərlər
Son Xəbərlər