İspaniya millisinin və “Real Madrid”in əfsanəvi müdafiəçisi Serxio Ramos uşaqlıq klubu olan “Sevilya”nı almağa hazırlaşır.
“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bu addımı “Five Eleven Capital” investisiya qrupu ilə birgə atır.
Məlumata görə, sövdələşmənin ümumi dəyəri təxminən 400 milyon avro (347 milyon funt-sterlinq) qiymətləndirilir. Planlaşdırılan müqaviləyə əsasən, konsorsium klubun 80 faiz səhmini əldə edəcək. Hər bir səhmin qiymətinin 3.500 avro civarında olduğu bildirilir. Sövdələşmənin rəsmiləşməsi üçün La Liqa və İspaniya Milli İdman Şurasının razılığı tələb olunur.
Qeyd edək ki, 2001/02 mövsümündən bəri davamlı olaraq La Liqada çıxış edən “Sevilya” hazırda turnir cədvəlində gərgin günlər keçirir. 2022/23 mövsümündə Avropa Liqasının qalibi olmasına baxmayaraq, komanda hazırda 13-cü pillədə qərarlaşıb və aşağı dəstəyə düşmək təhlükəsindən cəmi 3 xal uzaqdadır.
Məlumat üçün bildirək ki, karyerasına məhz “Sevilya”nın aşağı yaş qruplarında başlayan Ramos 2005-ci ildə “Real Madrid”ə keçib. O, “kral klubu”nda keçirdiyi 16 il ərzində 22 böyük titul qazanıb. İspaniya millisi ilə Dünya Çempionu (2010) və ikiqat Avropa Çempionu (2008, 2012) olan Ramos yığmada 180 oyun keçirib və mərkəz müdafiəçisi olmasına baxmayaraq, 23 qol vurmağı bacarıb.
Xatırladaq ki, Ramos PSJ-də keçirdiyi iki ildən sonra 2023-cü ildə bir mövsümlük “Sevilya”ya qayıtmışdı. Onun son klubu Meksikanın “Monterrey” komandası olub. Təcrübəli oyunçu rəsmi olaraq karyerasını bitirdiyini elan etməsə də, artıq klub sahibi kimi yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Son xəbərlər
Son Xəbərlər