“Referans Medical Group” haqqında həqiqətə uyğun olmayan məlumat təkzib olundu

referans-medical-group-haqqinda-heqiqete-uygun-olmayan-melumat-tekzib-olundu
Oxunma sayı: 473

Bir müddət əvvəl sosial şəbəkələrdə bloger Nərmin Abbasova tərəfindən “Referans Medical Group” və onun tərkibində fəaliyyət göstərən Referans Endokrin və Cərrahiyyə Mərkəzinin cərrah mama-ginekoloqu Fəxrəndə Rəsulova haqqında həqiqəti əks etdirməyən iddialar səsləndirilmişdi. Sözügedən paylaşımlar əsasında bəzi xəbər saytlarında da məsələ ilə bağlı məlumatlar yayımlanmışdı. Məsələ hüquqi müstəviyə çıxarılaraq məhkəmə qaydasında araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılan iş üzrə tərəflər arasında barışıq əldə olunub.

Məhkəmə qərarına əsasən, bloger Nərmin Abbasova paylaşdığı məlumatların həqiqəti əks etdirmədiyini qəbul edərək həmin paylaşımları silib. O, eyni zamanda sosial şəbəkə hesabında “Referans Medical Group” və Referans Endokrin və Cərrahiyyə Mərkəzinin cərrah mama-ginekoloqu Fəxrəndə Rəsulovadan ictimai şəkildə üzr istəyib və təkzib paylaşımı edib.

Məhkəmə prosesində “Referans Medical Group” və Fəxrəndə Rəsulovanın hüquqları “Health Advocate” hüquq şirkətinin vəkili tərəfindən müdafiə olunub.

Onu da qeyd edək ki, “Health Advocate” həkimlərin və tibb müəssisələrinin hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış hüquq şirkətidir. Şirkət praktik tibbi fəaliyyət zamanı yarana biləcək hüquqi risklərin qarşısının alınması, peşəkar hüquqi məsləhət, məhkəmə təmsilçiliyi və hüquqi müdafiə xidmətləri göstərir. “Health Advocate” hüquq şirkətinin peşəkar vəkilləri həkimlərin və tibb müəssisələrinin hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı məhkəmə işlərində uğurlu nəticələr əldə ediblər. Toplanmış hüquqi təcrübə və peşəkar yanaşma sayəsində şirkət həkimlərə və tibb müəssisələrinə etibarlı hüquqi dəstək göstərməyə davam edir.

“Referans Medical Group” fəaliyyətini hər zaman peşəkarlıq, tibbi etika, şəffaflıq və pasiyent məmnuniyyəti prinsipləri əsasında qurur. Həkimlərinin peşəkar nüfuzunun, pasiyentlərinin etimadının və uzun illər ərzində formalaşmış korporativ reputasiyasının qorunması “Referans Medical Group” üçün əsas prioritetlərdəndir. Bu səbəbdən həqiqətə uyğun olmayan məlumatların yayılması ilə bağlı bütün məsələlər bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi müstəvidə qiymətləndiriləcək.

Təəssüf ki, hadisə ilə bağlı bəzi xəbər saytlarında məlumatlar “Referans Medical Group”un rəsmi mövqeyi öyrənilmədən və dəqiqləşdirilmədən yayımlanmışdı.

“Referans Medical Group” media nümayəndələrini və informasiya resurslarını şirkətlə bağlı məlumatları yayımlamazdan əvvəl şirkətin rəsmi mövqeyini öyrənməyə və informasiyanı dəqiqləşdirməyə dəvət edir. Dəqiq və obyektiv informasiyanın paylaşılması ictimaiyyətin düzgün məlumatlandırılması və peşəkar jurnalistika prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.