“Estetikanın Memuarları – Gözəlliyin Harmoniyası” adlı konfrans estetik tibb sahəsinin 200 mütəxəssisini bir araya gətirib.
“Qafqazinfo” xəbər verir ki, tanınmış dermatoloq Rəna Soltanovanın təşkilatçılığı ilə keçirilən tədbir elm, innovasiya və peşəkar təcrübənin qovuşduğu vacib platformaya çevrilib.
Konfransın əsas məruzəçiləri Rəna Soltanova və Türkiyədən dəvət olunmuş tanınmış mütəxəssis Ahmet Atalık olublar. Tədbirdə üz anatomiyası və harmonizasiyası, estetik tibbdə müasir yanaşmalar, innovativ prosedurlar və minimal müdaxilə ilə maksimum təbii nəticələrin əldə olunması kimi aktual mövzular müzakirə edilib.
Konfransın ən maraqlı məqamlarından biri nəzəri biliklərin canlı praktik nümayişlərlə birləşdirilməsi olub. Canlı modellər üzərində təqdim edilən estetik texnikalar, klinik nümunələr və interaktiv müzakirələr iştirakçıların böyük marağına səbəb olub.
Tədbirlə bağlı təəssüratlarını bölüşən Rəna Soltanova bildirib:
“Estetik tibb mənim üçün yalnız gözəllik yaratmaq deyil, elmə, anatomiyaya və fərdi harmoniyaya əsaslanan bir sənətdir. Bu gün 200 həmkarımızla bir araya gəlmək, bilik və təcrübələrimizi bölüşmək mənim üçün böyük qürurdur. Hər konfrans yeni bir təcrübə, yeni bir uğur və daha böyük hədəflərə doğru atılan addımdır. İnanıram ki, bu görüş həmkarlarımız üçün yeni biliklərə, ilhamverici ideyalara və gələcək peşəkar nailiyyətlərə yol açacaq”.
Artıq ənənəyə çevrilən “Estetikanın Memuarları” konfransı estetik tibb sahəsində bilik mübadiləsinə, innovativ yanaşmaların tətbiqinə və peşəkar əməkdaşlığın güclənməsinə mühüm töhfə verib.





Son xəbərlər
Son Xəbərlər