“Rəsmi qadağa lentini söküb işləri davam etdiriblər” - “Makler” evlərindən narazılıq

resmi-qadaga-lentini-sokub-isleri-davam-etdiribler
Oxunma sayı: 3311

Abşeron rayon sakini Elçin Alcanov qonşuluğunda inşa edilən fərdi yaşayış evi və ərazidəki digər tikililərdən narazıdır. 

“Qafqazinfo”ya müraciət edən şikayətçi iddia edir ki, qonşuluğunda tikilən evdə Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş müfəssəl ara məsafəsi və digər tikinti norma və qaydalarının tələbləri pozulur. 

Onun sözlərinə görə, həmin ərazidə fərdi yaşayış evləri tikən “makler” eyni qaydada digər tikililərdə də normativ tələbləri pozur. Buna görə də şikayətçi həmin evin ərazidəki nə ilk, nə də sonuncu belə tikili olduğunu düşünür: “Son altı ay ərzində tikintinin dayandırılması və qanuniliyinin yoxlanılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə (RİH), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə 10-dan çox rəsmi müraciət ünvanlamışam. Dövlət qurumları sorğulara cavab olaraq Abşeron RİH-nin Memarlıq və tikinti şöbəsi tərəfindən göndərilən məktublarda torpaq sahəsində məlumatlandırma icraatı həyata keçirilmədən bünövrə işlərinə başlanıldığı və işlərin əməkdaşlar tərəfindən dayandırıldığı qeyd olunub”.

Lakin vətəndaş deyir ki, rəsmi cavablara baxmayaraq, tikinti işləri davam etdirilib: “Hazırda ikimərtəbəli evin dam örtüyü quraşdırılıb, daxili təmir və tamamlama işləri isə yekunlaşmaq üzrədir. Fövqəladə Hallar Nazirliyinin qanunsuz tikintilərə nəzarət üzrə müvafiq şöbəsindən əraziyə iki müfəttiş göndərilib. Müfəttişlər tikintinin qanunsuz olduğunu təsdiqləyib və işlərin dayandırılması məqsədilə əraziyə xəbərdarlıq lenti çəkiblər. Tikintini aparan şəxs müfəttişlərin tələblərinə əməl etməyib, dövlət qurumunun çəkdiyi xəbərdarlıq lentlərini sökərək tikinti işlərini davam etdirib”. 

Şikayətçi bu hadisənin səbəblərinin araşdırılmasını və dövlət qurumlarının müdaxiləsindən sonra tikintinin hansı əsaslarla davam etdirildiyinə aydınlıq gətirilməsini istəyir. Onun sözlərinə görə, son müraciətlərinə də eyni məzmunlu cavablar verilir, evin dam örtüyü quraşdırıldığı üçün artıq tədbir görməyin mümkün olmadığı söylənilir: “Bəs tikinti başlayan gündən dam vurulana qədər niyə heç bir tədbir görülməyib? Bütün qurumlar bildirir ki, bu məsələ Abşeron Rayon İcra Hakimiyyətinə aiddir. Rayon İcra Hakimiyyətinin tikinti sektorunun isə bu məsələyə indiyədək niyə müdaxilə etmədiyi mənim üçün aydın deyil”. 

O, həmçinin tikilidə dayaq məqsədilə istifadə olunan sütunların vəziyyətinin narahatlıq doğurduğunu vurğulayaraq onların texniki cəhətdən yararlı olub-olmamasının mütəxəssislər tərəfindən yoxlanılmasını tələb edir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan tikinti işləri ilə bağlı məsələ Abşeron RİH tərəfindən araşdırılıb: “Öncədən bildirək ki, sözügedən ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməyib. Belə ki, vətəndaşın mülkiyyətində olan torpaq sahəsində məlumatlandırma-icraatı etmədən bünövrə işlərinə başlanıb və bünövrə işləri görülərkən əməkdaşlarımız tərəfindən iş dayandırılıb. Qeyd olunan ünvana baxış keçirilib, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunub. Eyni zamanda vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntu ilə bağlı aidiyyəti qurumlara məlumatlar verilib”.

Şikayətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin də mövqeyini öyrəndik. Müraciətimizə belə cavab verildi: “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına tikililərin qarşısının alınması və tikinti məqsədləri üçün ayrılmamış dövlət mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması və tikinti işlərinin dayandırılmasının yazılı qaydada tövsiyə edilməsi, eləcə də bu barədə Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verilməsi yerli icra hakimiyyəti orqanlarının vəzifəsidir. 

Qeyd edilən tikinti işlərinin qanunauyğunluğunun araşdırılması və müvafiq tədbirlərin görülərək Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilməsi üçün aidiyyəti qurumlara müraciət edilib. Vətəndaş Alcanova Sevil İlyas qızının müraciətinə Agentlik tərəfindən baxılıb və ərizəçiyə rəsmi qaydada cavab verilib. 

Vətəndaş 14 sentyabr 2026-cı il tarixində məsələ ilə bağlı təkrar müraciət edib və müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən yerli icra və hüquq-mühafizə orqanlarına müraciət edilib”.

Lamiyə Məmmədova