Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb.
“Qafqazinfo” xəbər verir ki, “Sotheby's” hərrac evinin məlumatına görə, 197,80 karatlıq yastıq formalı kəsimə malik tarixi Romanov sapfiri məşhur “Cartier” zərgərlik evi tərəfindən hazırlanmış həndəsi brilyant qolbağın mərkəzində yerləşdirilib.
Hərracdan əvvəl 1,02-2,04 milyon dollar civarında qiymətləndirilən zinət əşyası gərgin rəqabət şəraitində təxmin edilən məbləğdən qat-qat baha satılıb.
Hərrac kataloqunda bu nadir daşın tarixi dəyəri xüsusi vurğulanıb: “Bu qeyri-adi tarixi sapfir Romanovlar ailəsinin əfsanəvi kolleksiyasından gəlir. Rus çarlarının məşhur xəzinəsi mübahisəsiz olaraq indiyə qədər toplanmış ən möhtəşəm və dəyərli kral kolleksiyası idi”.
Daşın Rusiya imperator ailəsi tərəfindən nə vaxt əldə edildiyi dəqiq məlum olmasa da, arxiv sənədlərinə əsasən, bu sapfir hələ 1883-cü ildə sonuncu rus çarı II Nikolayın anası İmperatriça Mariya Feodorovnanın balda geyindiyi libasın ön hissəsini bəzəyib.
1917-ci il Rusiya İnqilabından və Romanovlar sülaləsinin devrilməsindən sonra 1920-ci illərdə Sovet hakimiyyəti kral xəzinəsini satışa çıxarıb. Sapfir 1927-ci ildə dövrünün məşhur opera müğənnisi və cəmiyyət xadimi Qanna Valska tərəfindən alınıb. Uzun illər müxtəlif boyunbağıların tərkibində yer alan daş 2015-ci ildə “Cartier” ustaları tərəfindən “Art Deco” üslubunda hazırlanmış və mərkəzi dəyişdirilə bilən bu brilyant bilərziyə köçürülüb.
Qeyd edək ki, Romanovlara aid zinət əşyaları əvvəlki hərraclarda da kolleksiyaçıların böyük marağına səbəb olub. Belə ki, 2021-ci ildə yenə “Sotheby's” hərracında sülaləyə məxsus sapfir və brilyant broş-sırğa dəsti ilkin qiymətləndirmədən təxminən iki dəfə baha - 883,6 min dollara satılmışdı.
Son xəbərlər
Son Xəbərlər