“Barselona” futbolçuları klubun əfsanəsi Ronaldinyonun ad gününü xüsusi jestlə qeyd ediblər.
“Qafqazinfo” xəbər verir ki, komandanın bir neçə üzvü məşqə braziliyalı ulduzun “kataloniyalılar”dakı dövrünə aid ikonik forma ilə gəlib.
Dünən baş tutan məşq zamanı Ferran Torres, Pedri və Qavi kimi oyunçular 2005-2006 mövsümündə istifadə olunan klassik “Barselona” ev formasını geyinərək, Ronaldinyoya hörmətlərini ifadə ediblər. Həmin mövsüm klub üçün tarixi uğurlarla yadda qalmışdı.
Bu addım azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərə çoxsaylı şərhlər yazılıb, hətta “Real Madrid” azarkeşləri arasında belə jesti yüksək qiymətləndirənlər olub. Bəzi istifadəçilər bu formaların yenidən istifadəyə qaytarılmasını təklif ediblər.
Ronaldinyo “Barselona” tarixinin ən önəmli fiqurlarından biri hesab olunur. Braziliyalı futbolçu klubun heyətində 207 oyunda 94 qol vurub və 70 məhsuldar ötürmə edib. O, 2003-2008-ci illərdə klubun uğurlarında mühüm rol oynayıb, komanda ilə UEFA Çempionlar Liqası da daxil olmaqla, bir sıra titullar qazanıb.
Komandanın bu jesti “Rayo Valyekano” ilə oyun öncəsi baş verib və futbol ictimaiyyətinə nostalji dolu anlar yaşadıb.
Qeyd edək ki, “Rayo Valyekano” ilə oyun 1:0 “Barselona”nın qələbəsi ilə başa çatıb.







Son xəbərlər
Son Xəbərlər