Rostovda miqrantlar bu işlərlə məşğul ola bilməyəcək - Siyahıda azərbaycanlılar da var

rostovda-miqrantlar-bu-islerle-mesgul-ola-bilmeyecek
Oxunma sayı: 694

Rusiyanın Rostov vilayətində miqrantlar 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də ərzaq, içki və tütün məhsullarının topdan və pərakəndə satışı ilə məşğul ola bilməyəcəklər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə region qubernatorunun 11 fevral tarixli Fərmanında deyilir.

Müvafiq sənədə əsasən, miqrantlara həmçinin quru və boru kəməri nəqliyyatı, eləcə də poçt rabitəsi fəaliyyətində iştirak etmək qadağan ediləcək.

Martın 1-dən isə onların qiymətli metalların satışı ilə məşğul olmasına və fitnes mərkəzlərinin fəaliyyətində iştirakına icazə verilməyəcək. Hesablamalara görə, hazırda regionda 400 mindən çox özünüməşğul şəxs kuryer fəaliyyəti ilə məşğuldur. Onlar arasında əcnəbilərin payı Moskva və ya Sankt-Peterburqa nisbətən aşağıdır.

Hüquqşünas Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız patent əsasında işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrinin vətəndaşlarına (Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan) bu məhdudiyyətlər tətbiq olunmayacaq. Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarının, eləcə də tanınmamış “Abxaziya Respublikası”ndan olan şəxslərin isə patent alması məcburidir.

Məlumata görə, 2025-ci ildə Rostov vilayətinə miqrant axını 2024-cü illə müqayisədə 5%-dən çox artıb. Gələn əcnəbilərin əsas hissəsini əmək miqrantları təşkil edir. Onların sayının artması Rusiyanın qonşu regionlarında patent üçün ödəniş məbləğinin artırılması ilə əlaqələndirilir.