Rusiya-Ukrayna görüşü başa çatdı - Video + Yenilənib

rusiya-ukrayna-gorusu-basa-catdi
Oxunma sayı: 41244

Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.

“Qafqazinfo”nun məlumatına görə, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.

Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.

***

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “RİA Novosti”yə bildirib ki, Ukrayna nümayəndə heyəti hələ Belarusda danışıqlara gəlməyib: “Danışıqlar hələ başlamayıb, Rusiya nümayəndə heyəti gözləyir”.

Onun sözlərinə görə, danışıqlar Bakı vaxtilə 13:00-da başlayacaq.

***

Ukrayna Prezidentinin ofisi Ukrayna tərəfindən danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

Heyətin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

***

Moskvanı görüşdə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

 

***

Ukrayna Ali Radasının mətbuat xidmətinin məlumatına görə, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi məkana gəlib.

***

“Sputnik Belarus” xəbər verir ki, tərəflər arasında görüş başlayıb.

***

“Belta” agentliyi görüşdən canlı yayım etməyə çalışsa da, buna icazə verilməyib.

***

“RİA Novosti”nin məlumatına görə, Belarusun xarici işlər naziri Vladimir Makey danışıqlarda iştirak edir.

***

Belarusun XİN rəhbəri görüşdə çıxış edib: “Prezident Aleksandr Lukaşenko ümid edir ki, Rusiya və Ukrayna bütün böhran məsələlərinin həllini tapa biləcəklər.
Özünüzü tam təhlükəsiz hiss edə bilərsiniz. Bu, bizim müqəddəs borcumuzdur”.

***

Görüş bitdi. Detallar hələ açıqlanmır.

***

"Belarusun Qomel vilayətində Rusiya və Ukrayna arasında danışıqlar başa çatmayıb, hələ də davam edir". Bu barədə diplomatik dairələrdəki mənbə "RİA Novosti"yə bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna mediası, eləcə də bəzi Rusiya KİV-i danışıqların başa çatdığını yazıb. 

***

"Rusiya və Ukrayna heyətləri arasında müzakirələr hələ davam edir. Bir neçə dəqiqəyə üçüncü mərhələ başlayacaq", - Podolyak Tvitter hesabında yazıb.

***

Kiyev-Moskva danışıqları başa çatıb. Görüş 6 saat çəkib.