Saakaşvili məhkəməsinə klinikadan onlayn qoşuldu - Video

saakasvili-mehkemesine-klinikadan-onlayn-qosuldu
Oxunma sayı: 4065

Gürcüstanın paytaxtı Tbilisidə ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Saakaşvili məhkəmə iclasına müalicə aldığı “Vivamed” klinikasından onlayn şəkildə qoşulub. 

Videodan Saakaşvilinin hazırda hansı vəziyyətdə olduğunu və çox çəki itirdiyini görmək mümkündür.

Məlumata görə, gürcü siyasətçinin tərəfdarları və müxalifət nümayəndələri məhkəmə binasının ətrafına toplaşıb.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

***

Tbilisi şəhər məhkəməsi Saakaşvilinin vəkillərinin siyasətçinin həbsdən azad olunması ilə bağlı vəsatətinə baxılmasını səhhətinə görə dekabrın 29-na qədər təxirə salıb.