Şabranda evi su apardı, sakinlər təxliyə olundu - Fotolar+Yenilənib

sabranda-evi-su-apardi-sakinler-texliye-olundu
Oxunma sayı: 5532

Bir neçə gündür yağan intensiv yağışlardan sonra Şabran rayonundan keçən Dəvəçiçayda da daşqın olub. 

“Qafqazinfo” xəbər verir ki, nəticədə çayın yaxınlığında yerləşən yaşayış evləri və obyektlər üçün təhlükəli vəziyyət yaranıb.  

Problemlə əlaqədar Şabran Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

“Dəvəçiçaydan keçən sel bəzi evlərə zərər vurub. Vətəndaş Hidayət Abdullayevə məxsus yaşayış evini su yuyub aparıb. Ötən gün həmin evdə yaşayan iki sakin təhlükəsiz yerə təxliyə olunub. Çayın ətrafında olan iaşə obyekləri bağlanıb, vətəndaşlar təxliyə edilib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən ilin aprelində də Dəvəçiçayda sel və daşqın təhlükəsi yaranmışdı. Aramsız leysan yağışlarından sonra çayda daşqın olmuş, bir neçə körpünü sel aparmışdı. 

***

Şabran RİH-dən saytımıza verilən məlumata görə, hazırda rayonda sel və daşqının fəsadlarının aradan qaldırılması ilə bağlı iş davam etdirilir, həyətlərə dolan su nasoslarla təmizlənir.

“İntensiv yağan yağışlar nəticəsində Şabran rayonundan keçən Dəvəçiçay və Şabrançayda sululuq artmış çayın sağ və sol cınağlarını sel suları yuyub, nəticədə infrastruktura ciddi ziyan dəyib. Belə ki, Dəvəçiçayın üzərində yerləşən 5 körpünün və Şabrançayın üzərində yerləşən 1 körpünün sağ və sol cınağlarını sel suları yuyub, fərdi yaşayış evləri üçün təhlükə yaradıb. Şabranın Pirəbəlil-Zeyvə yolunun 5-ci kilometrliyində 40 metr hissəsini tamam yararsız vəziyyətə salıb. Görülmüş tədbirlər nəticəsində Çölquşçu kəndində su basmış evlərdən vətəndaşlar təxliyyə edilib, FHN əməkdaşları ilə birgə su basmış evlərdən suyun boşaldılması həyata keçirilib. Alternativ yollar salınıb, müvəqqəti keçidlər bərpa edilib”, - RİH-dən bildirilib.

Gülnar Əliyeva