Şabranda fermerlər və sahibkarlarla geniş tərkibli müşavirə keçirildi - Fotolar

sabranda-fermerler-ve-sahibkarlarla-genis-terkibli-musavire-kecirildi
Oxunma sayı: 206

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Habil Əzəmmədovun və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun iştirakı ilə yerli fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin daxil olduğu geniş tərkibli müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin əsas müzakirə mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası və bu proqram əsasında Şabran rayonu üzrə hazırlanmış Tədbirlər Planı olub.

Müşavirəni giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov tədbir iştirakçılarını salamlayaraq, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sektorun şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən bəhs edib. Rayon rəhbəri bildirib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı regionların, o cümlədən Şabran rayonunun zəngin aqrar potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır.

Asif Hüseynov qeyd edib ki, rayon üzrə hazırlanmış Tədbirlər Planı çərçivəsində bağçılıq, heyvandarlıq, eləcə də balıqçılıq və akvakultura sahələrinin modernləşdirilməsi, emal müəssisələrinin şəbəkəsinin genişləndirilməsi prioritet vəzifə kimi müəyyən olunub. Rayon İcra Hakimiyyəti tərəfindən istehsalçılara və sahibkarlara hərtərəfli dəstəyin davam etdiriləcəyi, mövcud resurslardan səmərəli istifadə olunacağı xüsusi vurgulanıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Habil Əzəmmədov çıxışında dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar bölmənin inkişafına göstərilən diqqət və qayğını diqqətə çatdırıb. O bildirib ki, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ölkədə kənd təsərrüfatı və akvakultura sahələrində məhsuldarlığın artırılması, intensiv texnologiyaların tətbiqi, emal sənayesinin gücləndirilməsi və ixrac potensialının yüksəldilməsi məqsədini daşıyır.

Habil Əzməmmədov yerli icra hakimiyyəti orqanlarının və sahibkarların qarşısında duran əsas öhdəlikləri qeyd edərək, dövlət dəstəyi mexanizmlərindən şüurlu və effektiv istifadə olunmasının, su ehtiyatlarına qənaət edən müasir suvarma sistemlərinin tətbiqinin və yeni iş yerlərinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Müşavirə başa çatdıqdan sonra Prezident Administrasiyasının rəsmi nümayəndəsi Habil Əzməmmədov və Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov rayon ərazisində xüsusi investisiya qoyuluşu hesabına fəaliyyətini genişləndirən kənd təsərrüfatı subyektlərinə baxış keçirib.

Nümayəndə heyəti ilk növbədə müasir damla suvarma sistemləri ilə təchiz olunmuş intensiv meyvə bağlarına, eləcə də müasir standartlara cavab verən heyvandarlıq komplekslərinə baş çəkmiş, görülən işlərlə yerində tanış olmuşdur. Eyni zamanda, rayonda akvakultura və balıqçılıq təsərrüfatlarının qurulması, emal məntəqələrinin fəaliyyətinin təşkili istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib. Fermer və sahibkarlarla keçirilən canlı söhbət zamanı yaradılan şərait, mövcud ehtiyaclar və gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb, işlərin Dövlət Proqramının tələblərinə uyğun keyfiyyətlə davam etdirilməsi üçün müvafiq tövsiyələr verilib.