“Sadə yaxınlaşma deyil, Turana doğru addımlardır...”

sade-yaxinlasma-deyil-turana-dogru-addimlardir
Oxunma sayı: 365

Tarix bunları yazacaq, həm də qızıl hərflərlə. İndilikdə biz də yazaq, yaşadığımız tarixi. Son illərin siyasi hadisələrinin, proseslərinin içində ən böyük aktorlardan biri, qeyd-şərtsiz Azərbaycan dövlətidir. Bunu görmək üçün çox enerji sərf etməyə gərək yoxdur.

Haradansa mənbələr tapmaq, tarixi filmlər izləməyə gərək yoxdur, hadisələr bizim gözlərimiz önündə cərəyan edir. Heç bir pafosa ehtiyac olmadan, sakitcə deyə bilərik. Tarixi TURAN ideyasının ən mükəmməl formada gerçəkləşməsi prosesləri məhz Azərbaycanın rəhbərliyi ilə sürətlə irəliləyir. Azərbaycan dövləti və bu dövlətin başçısı gözlərimiz önündə Turan birliyini dizayn edir. Əlbəttə ki, söhbət qatı millətçi düşüncələrə dayanan, yalnız milli ideyalara söykənən birlikdən getmir. Eyni soy-kökə mənsub xalqların yaratdığı dövlətlərin yaxınlaşması, iqtisadi-siyasi sahədə sıx əlaqələrin qurulması fonunda bir-biri ilə tam inteqrasiya olunmuş dövlətlərin birliyini görürük. Sadəcə son bir ildə bu yöndə baş verən siyasi hadisələrə nəzər etsək, hər şey daha aydın görünər. İndiki günümüzdən başlayıb, geriyə doğru gedək. Çox yox, cəmi bir il.

Azərbaycan Respublikasının dövlət başçısı 23-24 iyun tarixlərində Özbəkistana dövlət səfərində olub. Burada “dövlət səfəri” ifadəsinin açılımına xüsusi diqqət yetirmək lazımdır. Dövlət səfəri ən yüksək səviyyəli səfərdir, diplomatik iyerarxiyada ən üst pillədə dayanır. Yalnız dövlət başçısının (prezident, kral və s.) dəvəti ilə həyata keçirilir. Dövlət səfərləri eyni dövlət başçılarının dövründə bir və ya nadir halda iki dəfə olur. Xatırladaq ki, bu səfər Azərbaycan Dövlət Başçısının Özbəkistana 3-cü dövlət səfəridir və eyni dövlət başçılarının zamanında da ikinci səfərdir. Səfər ərzində bütün baş verənləri burada sadalamağa ehtiyac yoxdur, bunları xəbər portalları edir. Biz sadəcə iki məqama diqqət yetirsək kifayətdir: 23 avqustda dövlət başçıları tərəfindən imzalanmış “Əbədi dostluq haqqında müqavilə” və yenə də həmin tarixdə Özbəkistanın Dövlət Başçısının Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi. Hər iki dövlətin müstəqillik tarixində bu qədər yaxınlaşma heç zaman olmayıb. Ən gözəl tərəfi isə odur ki, dövlət başçıları öz imzaları ilə bu yaxınlaşmanın daimi olacağına möhür vururlar.

Bir az əvvələ gedək. 31 iyul 2026-cı ildə Azərbaycanın Dövlət Başçısı Tacikistanda dövlət səfərində olub. Bəli, yenə də səfərin məhz “dövlət səfəri” olduğunun altını cızaq. Bu səfər zamanı da iki ölkənin dövlət başçıları ölkələr arasında “Müttəfiqlik bəyannaməsi”nə imza atıblar və Tacikistan Prezidenti Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Heydər Əliyev Ordeni” ilə təltif edilib. Bundan başqa da bir sıra mühüm sənədlər imzalanıb, dövlət başçıları açılışlara qatılıblar.

Bundan azca əvvəl, 22-23 iyun 2026-cı il tarixində Türkmənistan Prezidenti Sərdar Berdimühəmmədov Azərbaycanda dövlət səfərində olub. Səfər zamanı iki ölkə başçıları birgə bəyannamə imzalayıblar, Azərbaycan Dövləti adından Türkmənistan dövlətinə “Dostluq neft tankeri”, işğaldan azad edilmiş torpaqları gəzən zaman isə dövlət başçımız tərəfindən Türkmənistanın Dövlət Başçısına “Qarabağ atı” hədiyyə edib.

Bu sadaladıqlarım, sadəcə 2026-cı ildə baş tutan “dövlət səfərləri”ndə reallaşan hadisələrdir. Bu səfərləri və yaşananları yuxarıda dediyim kimi, “Turanın ayaq səsləri” saymaq olar. Bu xüsusda, son bir ilin ən böyük siyasi hadisəsi isə, qeyd -şərtsiz, 6–7 oktyabr 2025-ci il tarixlərində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü idi. Görüşdə ev sahibi Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbangulu Berdiməhəmmədov (Türkmənistan adından), Macarıstanın Baş Naziri Viktor Orban və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar iştirak edib. Toplantı iştirakçıları bütün sahələrdə inteqrasiyanın gücləndirilməsi yönündə “Qəbələ bəyannaməsini” imzalayıblar, o cümlədən bir neçə sahədə, əsasən də “Orta dəhliz və logistika” sahəsində “gömrük prosedurlarının rəqəmsallaşdırılması və vahid nəqliyyat infrastrukturunun inkişafı prioritet elan edilib”.

Bu ilə sığan başqa bir böyük tədbir isə 17-19 aprel 2026-cı ildə baş tutan “5-ci Antalya Diplomatiya Forumu” olub. Forumda iştirak edən Azərbaycan Prezidenti Türkiyə Prezidenti başda olmaqla bir çox dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib. Bütün bunları sadalamaqda məqsədim sizi tarixi xronika ilə yormaq deyil. Diqqətinizi başqa yönə çəkmək istəyirəm. Bu vaxt ərzində Türk Dövlətlərinin başçıları ilə bu qədər görüşlər keçirən, dövlət səfərləri və işgüzar səfərlərdə olan başqa hansı dövlət başçısını xatırlayırsınız? Bütün bunlar 2020-ci ildəki tarixi zəfərimizdən sonra Azərbaycanın bölgə və regionda nə qədər güclü bir dövlətə çevrildiyinin göstəricisi deyilmi?

Qardaş Türk Dövlətləri başda olmaqla, bütün ölkələrlə siyasi və iqtisadi münasibətlərimizə kiminlə, harada və necə davranmaq lazım gəldiyinə birbaşa özümüzün qərar verməyimiz tarix boyu Azərbayacana rəhbərlik edən bütün dəyərli liderlərin amalı, arzusu olmayıbmı? Türk dövlətləri ilə yaxınlıq, “Turan Dövlətləri”nin bir-biri ilə inteqrasiyası Azərbaycan dövlətçiliyinin ən mühüm strategiyası olmayıbmı? Bu günkü Azərbaycan Dövləti proseslərin təkcə iştirakçısı yox, birbaşa yön verəni, hətta bütün bu prosesləri yaradan və idarə edən ölkədirsə, buna qəlbi Azərbaycanla döyünən hər bir vətəndaş sadəcə və sadəcə sevinə bilər. Bu ideyalar, bu amallar uğrunda mübarizə apararaq həyatdan köçən insanların, liderlərin də ruhu şad olur.

Yaşasın Azərbaycan Dövləti! Turanda görüşənədək!

Çingiz Özgür