“Sahibkarlar praktiki olaraq Rusiya və Çin bazarları ilə daha fəal əməkdaşlıq edirlər”

sahibkarlar-praktiki-olaraq-rusiya-ve-cin-bazarlari-ile-daha-feal-emekdasliq-edirler
Oxunma sayı: 309

Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forumunun ikinci günü keçirilir.

“Qafqazinfo” xəbər verir ki, regionda iqtisadi əməkdaşlıq, sahibkarlıq, investisiya və regional əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılır.

Forumda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ölkəmizlə Ermənistan arasında sülhü yalnız kağız üzərində təsbit etmək deyil, həm də onun praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır.

“Biz həmişə deyirdik ki, müharibədə qalib gəlmişik, lakin daha bir işi görmək - sülhdə də qalib gəlmək vacib idi. Bu, həqiqətən də çətin vəzifədir”, - H.Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan bu gün faktiki olaraq sülh şəraitində yaşayır, lakin sülh prosesi yalnız kağız üzərində qalmamalıdır: “Biz faktiki olaraq sülh şəraitindəyik, lakin sülh kağız üzərində qalmamalıdır”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edəcək, sülhə əsaslanan regional arxitektura formalaşdırmağa çalışır.

H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsini gözləyir: “Bundan sonra düşünürəm ki, yekun sülh sazişinin imzalanması reallığa çevriləcək”.

Bununla yanaşı, Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan yalnız Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti ilə deyil, həm də erməni xalqı ilə sülh bağlamaq istəyir. O əlavə edib ki, Azərbaycanla Ermənistan arasında artıq ticarət və biznes əlaqələri inkişaf edir, həmçinin bir neçə il əvvəl mümkünsüz görünən etimadın möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

“Hazırda Bakı ilə Moskva arasında münasibətlər stabildir və mehriban qonşuluq çərçivəsində inkişaf edir. Bilavasitə qonşularımıza gəldikdə - coğrafiya bizim taleyimizdir. Bioloji baxımdan valideynlərimizi, geosiyasətdə isə qonşularımızı seçə bilmərik. Bu bizim taleyimizdir və biz birlikdə yaşamalıyıq. Buna görə də şadam ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər hazırda sabit və normaldır, həm də mehriban qonşuluq çərçivəsində inkişaf edir", - o əlavə edib.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, “Jamestown Foundation”ın Direktorlar Şurasının üzvü Metyu Brayza isə ABŞ enerji layihələrini qlobal bazarların maraqlarından çıxış edərək dəstəklədiyini dilə gətirib: “ABŞ bu layihələrdə karbohidrogenlərə çıxış əldə etmək və ya onlara nəzarət etmək məqsədilə iştirak etməyib. Bu, ABŞ-nin milli maraqlarının maksimum dərəcədə təmin edilməsi baxımından nəzərdən keçirilirdi”.

Eks-diplomat enerji ehtiyatlarının tədarük marşrutlarının şaxələndirilməsinin və onların ayrı-ayrı coğrafi “dar boğazlar”da cəmləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıb. M.Brayzanın sözlərinə görə, Vaşinqton istehsalçı ölkələrin enerji resurslarının beynəlxalq bazarlara çıxışına kömək etməyə çalışıb. Bundan əlavə, o, ABŞ tərəfinin xarici iqtisadi siyasətinin həyata keçirilməsində səmərəli qurumlararası koordinasiyanın əhəmiyyətini diqqətə çatdırıb.

CAMCA Şəbəkəsinin Özbəkistan üzrə üzvü Fərrux İrnazarov Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinə diqqət çəkərək bildirib ki, bu sahədə son illərdə əhəmiyyətli dərəcədə genişlənmə müşahidə olunsa da, regionun mövcud potensialı hələ tam reallaşdırılmayıb.

Onun sözlərinə görə, region ölkələrinin qonşuları ilə ticarət dövriyyəsi əvvəlki göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb: “Mövcud dinamika regionun tam potensialını əks etdirmir. Mərkəzi Asiya ölkələri arasında siyasi iradə və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çoxsaylı təşəbbüslər mövcuddur. Müxtəlif platformalarda anlaşma memorandumları imzalanır, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunur. Bununla yanaşı, sərhəd məsələləri regiondaxili ticarətin inkişafına mane olan əsas amillərdən biri olaraq qalır. Bir neçə il əvvəl Mərkəzi Asiya dünyanın ən az inteqrasiya olunmuş regionlarından biri hesab edilirdi. Bu vəziyyət regionun ümumi tarixi və iqtisadi inkişaf trayektoriyası nəzərə alındıqda diqqətçəkən məqam kimi qiymətləndirilir”.

Fərrux İrnazarov ixrac strukturunun oxşarlığının da region ölkələri arasında ticarətin genişləndirilməsini çətinləşdirdiyini vurğulayıb. Bildirilib ki, ölkələr oxşar məhsullar istehsal etdikdə qarşılıqlı ticarətin artırılması üçün yeni rəqabət üstünlüklərinin formalaşdırılması zərurəti yaranır: “Bir neçə il əvvəl Mərkəzi Asiya ölkələrinin özəl sektorunun müxtəlif beynəlxalq tərəfdaşlara münasibətini müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, sahibkarların əsasən ABŞ və Avropa İttifaqı ilə ticarət etmək istədikləri, lakin praktiki olaraq Rusiya və Çin bazarları ilə daha fəal əməkdaşlıq etdikləri müəyyənləşib. Bunun əsas səbəbi kimi həmin bazarlara çıxışın daha asan olması göstərilib. Logistika, sertifikatlaşdırma və digər prosedurlar baxımından bu istiqamətlər sahibkarlar üçün daha əlçatan hesab olunur”.

CAMCA Regional Forumunda iştirak edən Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays forumun əsas üstünlüklərindən danışaraq bildirib ki, bu, yalnız ənənəvi coğrafi region çərçivəsi ilə məhdudlaşmır. Forum Mərkəzi Asiya, Cənubi Qafqaz, Monqolustan və Cənubi Asiyaya çıxışı olan Əfqanıstanı əhatə edən daha geniş əməkdaşlıq məkanı formalaşdırır. Bu isə regionun imkanlarına daha əhatəli yanaşmağa şərait yaradır.

Onun sözlərinə görə, forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri nəqliyyat dəhlizlərinin inkişafıdır: “Bu, olduqca vacib məsələdir. Lakin söhbət yalnız malların bir məntəqədən digərinə daşınması üçün infrastrukturun yaradılmasından getmir. Əsas məqsəd CAMCA məkanı daxilində iqtisadi fəaliyyətin inkişafı üçün zəruri şəraitin formalaşdırılmasıdır. Bu, region ölkələri arasında, eləcə də Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə ticarət imkanlarının genişləndirilməsinə şərait yarada bilər. CAMCA Regional Forumu bu imkanların reallaşdırılması baxımından olduqca faydalı platformadır. Region böyük potensiala malikdir və bu potensialdan səmərəli istifadə üçün siyasi impuls və liderlik lazımdır. Hazırda Mərkəzi Asiyada belə siyasi liderlik mövcuddur.

Eduards Stiprays qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət görüşlərinə qoşulması da Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin daha geniş iqtisadi məkan çərçivəsində inteqrasiyası üçün yeni imkanlar yaradır: “CAMCA Regional Forumu öz təbii inkişaf yolu ilə irəliləyir. Bu çərçivədə təmsil olunan ölkələrin müxtəlifliyini nəzərə alsaq, hökumətlər səviyyəsində hər hansı ayrıca siyasi qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Altı ölkə artıq rəhbərlik səviyyəsində çox sıx əməkdaşlıq edir. Bununla yanaşı, Monqolustan və Əfqanıstan da bu geniş çərçivəyə daxildir. Gürcüstan və Ermənistanın isə Avropaya inteqrasiya istiqamətində öz maraqları mövcuddur”.

Forumun əsas rolundan danışan Eduards Stiprays bildirib ki, mühüm məqsədlərdən biri bu ölkələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə, eləcə də regionun xarici tərəfdaşlarına, o cümlədən Avropa İttifaqına, ABŞ-yə və müəyyən mərhələdə Çinə genişlənən bu regionun dünya iqtisadiyyatına hansı əlavə dəyəri təqdim edə biləcəyini göstərməkdir.

Qeyd edək ki, 2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.

2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına yönəlmiş regional platformadır.

Gülnar Əliyeva