2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Salyan rayonu üzrə zona müşavirəsində irəli sürülmüş təşəbbüslər və ya həyata keçirilən digər tədbirlərlə bağlı görülmüş işlər barədə iclas keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Tariel Atamalıyev və rayonda kənd təsərrüfatı sahəsi ilə məşğul olan qabaqcıl sahibkarlar və fermerlər kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər.
Daha sonra Salyan RİH inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və “Qərargah” üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, habelə əldə edilmiş nəticələr, mövcud problemlər və onların həlli yolları müzakirə edilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Dövlət Proqramının aqrar sektorun inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, proqram çərçivəsində qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli icrası kənd təsərrüfatı istehsalının artırılmasına, fermerlərin fəaliyyətinin dəstəklənməsinə və rayonda aqrar sahədən daha səmərəli istifadəsi geniş imkanlar yaradacaq.
Rüstəm Xəlilov Salyan rayonunda kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan geniş istifadə olunmasının, innovativ yanaşmaların tətbiqinin və fermerlərin dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının vacibliyini vurğulayıb.
Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov çıxışında Dövlət Proqramının əsas istiqamətləri barədə məlumat verərək qeyd edib ki, aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı istehsalçılarının bilik və bacarıqlarının artırılması prioritet məsələlərdəndir.
Daha sonra fermerlərin fikirləri dinlənilib, onların qarşılaşdıqları problemlər, təklif və təşəbbüsləri nəzərdən keçirilib. Aidiyyəti qurumların nümayəndələri tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib.
Sonda Dövlət Proqramının Salyan rayonunda icrasının daha səmərəli təşkili, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə aidiyyəti qurumlar qarşısında müvafiq vəzifələr müəyyənləşdirilib.









Son xəbərlər
Son Xəbərlər