Bu gün Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Göylər Dağ kəndində yerləşən Əlisuvar Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən Bilik Günü tədbirinə qatılıb, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik ediblər.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edənlər yeni tədris ili münasibətilə müəllim və şagirdlərə uğurlar arzulayıb, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb kollektivinin qarşısında duran vəzifələrdən danışıb, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, onların müasir dövrün tələblərinə uyğun hazırlanmasının vacibliyini vurğulayıb.
Daha sonra nümayəndələr Şamaxı rayonunun Məlikçobanlı, Çarhan və Adnalı kənd tam orta ümumtəhsil məktəblərində olub, tədris prosesi ilə tanış olublar. Məktəblərdə təhsilalanların sayı, təhsil müəssisələrinin maddi-texniki imkanları və yeni tədris ili ilə bağlı hazırlıq işləri barədə məlumat verilib.
Nümayəndələr təhsil müəssisələrinin müəllim və şagirdləri ilə görüşüb, tədris prosesinin təşkili, təhsilalanların nailiyyətləri və məktəblərin qarşısında duran əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı bölgələrdə təhsilin əlçatanlığının və keyfiyyətinin təmin edilməsi, məktəblərin mövcud imkanlarından səmərəli istifadə olunması və tədris mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.







Son xəbərlər
Son Xəbərlər