Şamaxıda şəhidlərin əziz xatirəsi yad edildi - Fotolar

samaxida-sehidlerin-eziz-xatiresi-yad-edildi
Oxunma sayı: 252

27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin rəsmi hissəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev, şəhid valideynləri - Gültəkin Şirəliyeva, Rza Nəbiyev və şəhid qardaşı, Vətən Müharibəsi iştirakçısı Kəyan Əhmədov çıxış edərək qəhramancasına həlak olmuş şəhidlərin xatirəsini yad edib, onların keçdiyi şərəfli yoldan söz açıblar.

Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin, xalqın və ordunun birliyinin daim olacağını vurğulayıblar, xalqımızın tarixinə adlarını canı, qanı bahasına qızıl hərflərlə yazmış şəhidlərimizin xatirəsinin bu gün olduğu kimi əbədi yaşayacağını, gələcək nəsillərimiz tərəfindən qürur və ehtiram hissi ilə yad olunacağını bildiriblər.

Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Ardınca Şəhidlər Xiyabanı ərazisində tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsinə ağaclar əkilib. Aksiyadan sonra ilk döyüş günü şəhidlərinin ailələri ziyarət olunub.