Şamaxıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirildi - Fotolar

samaxida-yap-in-viii-qurultayindan-ireli-gelen-vezifelere-dair-musavire-kecirildi
Oxunma sayı: 278

15 oktyabr 2026-cı il tarixində Şamaxıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şamaxı Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultayda qarşıya qoyulan vəzifələrin əhəmiyyətlərindən danışaraq, bu vəzifələrin icrasında qanunun aliliyi, milli maraqlarımızın qorunması, dövlətimizin və cəmiyyətimizin inkişafı üçün həmrəyliyin vacibliyindən söz acıb.

Tədbirdə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nun Şamaxı flilialının direktoru Tünzalə Yusifova, Əməkdar müəllim Kamal Balakişiyev, şəhid atası Rza Nəbiyev, Şamaxı şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin müdiri Sahil Şirinov və Vətən müharibəsi iştirakçısı Elvin Nəbiyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların rolu, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı və qurultayda dövlət başçısının çıxışında qeyd olunan mühüm istiqamətlər ətrafında çıxış ediblər.

Müşavirənin sonunda qurultayın qərarlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.