Samir Babayev Böyük Britaniyada nüfuzlu jurnala redaktor köməkçisi təyin edildi

samir-babayev-boyuk-britaniyada-nufuzlu-jurnala-redaktor-komekcisi-teyin-edildi
Oxunma sayı: 904

Qarabağ Universitetinin dekanı Böyük Britaniyada nüfuzlu jurnala redaktor köməkçisi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Bildirilib ki, Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev Böyük Britaniyada fəaliyyət göstərən “Oxford University Press” tərəfindən yayımlanan “Human Reproduction Open” jurnalına redaktor köməkçisi vəzifəsinə təyin olunub.

“Human Reproduction Open” reproduktiv tibb sahəsində aparıcı elmi jurnallardan biridir və “European Society of Human Reproduction and Embryology” ilə əlaqəlidir. Jurnalın 2024-cü il “Impact Factor”u 11.1 təşkil edir və “Web of Science” (SCIE) üzrə mama-ginekologiya sahəsində 141 jurnal arasında 2-ci, “Scopus” (CiteScore) üzrə isə 210 jurnal arasında 2-ci yerdə qərarlaşıb.

S. Babayev reproduktiv endokrinologiya və sonsuzluq sahəsində ABOG sertifikatlı mütəxəssisdir və əvvəllər “Mayo Clinic”də fəaliyyət göstərib. Onun elmi maraq sahələrinə ovarial toxuma kriopreservasiyası, oosit və embrion keyfiyyəti, eləcə də reproduktiv cərrahiyyədə innovativ yanaşmalar daxildir.

Bu təyinat Qarabağ Universitetinin beynəlxalq akademik fəaliyyətinin və elmi əməkdaşlıqlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.