Samir dünya çempionunu öldürmək üçün onu aylarla güdüb - “İnstaqramda izləyirdim”

samir-dunya-cempionunu-oldurmek-ucun-onu-aylarla-gudub
Oxunma sayı: 10854

“Emin444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə idmançı Zaur Yusifovu qətlə yetirən E.Səfərovun xalası oğlu, 2000-ci il təvəllüdlü Samir Şirəliyevin məhkəməsinin başa çatması barədə xəbər vermişdik.

“Qafqazinfo” Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilən S.Şirəliyevin ifadəsini əldə edib. 

Araşdırmalar zamanı məlum olub ki, S.Şirəliyev Zaur Yusifovdan başqa onun qardaşı Zamini və atası Əlini də qətlə yetirmək niyyətində olub. O, xalası oğlunun qətlində əsas günahkar hesab etdiyi Z.Yusifovun yaşadığı küçəyə dəfələrlə gələrək onu güddüyünü, ərazidə daimi izləmə apardığını etiraf edib: “9 may 2019-cu ildə öldürülən “Emin 444” ləqəbli Emin Səfərov mənim doğma xalam oğlu idi, münasibətlərimiz həmişə çox yaxın, doğma olub, Eminlə aramda yaş fərqini nəzərə aldıqda o, mənə “ata” əvəzi olub. Son illərini cəzaçəkmə müəssisəsində keçirsə də, maddi və mənəvi dəstəyini heç vaxt məndən və ailəmdən əsirgəməyib. Emin öldürüləndə əsgərlikdə idim. 2020-ci ilin iyulunda hərbi xidmətdən tərxis olub Masallı rayonuna qayıtdım. Sonra Vətən müharibəsi başlayanda könüllü ordu sıralarına yazılıb Xocavənd və Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etdim, 9 yanvar 2021-ci ildə yenidən Masallıya qayıtdım. Mən hərbi xidmətə gedəndə Emin cəzaçəkmə müəssisəsində cəza çəkirdi, son dəfə onu əsgərliyə getməzdən əvvəl Kürdəxanıda yerləşən Bakı istintaq təcridxanasında baş çəkmək üçün gedəndə görmüşdüm. Hərbi xidmətdə olduğum müddətdə qohumlarımla mütəmadi danışıb əlaqə saxlasam da, hamı mənim Eminə olan “ata”, “qardaş” sevgimə görə hərbi hissədən qaçıb onun qisasını alacağımı bildikləri üçün heç kim ölməsi barədə xəbəri mənə deməmişdi. 2020-ci ilin iyul ayında ordudan tərxis olunandan sonra Eminin öldürüldüyünü eşitdim”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra qətl barədə xəbərləri, məhkəmənin gedişatı barədə materialları izləməyə başlayıb: “Xəbər səhifələrini izləyərək Eminin öldürülməsi hadisəsi ilə bağlı aparılan məhkəmə prosesinin gedişatı, işin təfərrüatı ilə agah oldum. Onun Həsən Tağıyev və Zaur Yusifov tərəfindən öldürüldüyünü, hər iki şəxsin həbs edilərək barələrində məhkəmə prosesinin aparıldığını öyrəndim. Özlüyümdə Eminin öldürülməsinə görə mənəvi sarsıntı hiss etməyə başladım, özümü Eminin qarşısında qanını yerdə qoyduğuma görə, onu öldürənlərdən qan qisasını almadığına görə mənəvi borclu hesab edirdim. Bütün gün ancaq bir şey barədə fikirləşirdim: Emini öldürənləri öldürmək. Həmçinin, Emini öldürənlərdən Zaurun bu cinayətin təşkilatçısı hesab etdiyimə görə Həsən Tağıyevdən yox, məhz Zaurdan qisas almaq istəyirdim, ona görə də sosial şəbəkədə Zaurun qardaşı Zamin və atası Əli adlı şəxslərin adlarını, fotoşəkillərini, yaşadıqları Həşimov küçəsini müəyyən edib, 2021-ci ilin aprel ayında məhz Zaurdan qisas almaq və Eminə olan mənəvi borcun altından çıxmaq üçün həm Zamini, həm Əlini hər ikisini öldürmək məqsədilə Bakı şəhərinə gəldim”.

S.Şirəliyev əlavə edib ki, Bakıda bir neçə ünvanda kirayə yaşayıb, bu müddətdə Yasamal parkında karusel icarəyə götürərək işlətməyə başlayıb. O, həmin müddətdə dəfələrlə Zaur Yusifovun və ailəsinin yaşadığı İ.Həşimov küçəsinə və ətraf ərazilərə gedərək onları güdməyə başlayıb və cinayətini həyata keçirmək üçün planlar cızıb. Lakin o, Z.Yusifovun atası və qardaşını öldürmək üçün uyğun şərait yaxalaya bilməyib. Zaur Yusifovun E.Səfərovun qətlinə görə bəraət alaraq azadlığa çıxmasını bildikdən sonra isə o, əsas hədəfi olan Zauru qətlə yetirməyi qətiləşdirib: “Zaurun idmanın kikboksinq növü üzrə peşakar idmançı olmasına görə cinayəti bıçaqla törətməyə ehtiyat etdim və Yasamalda yerləşən ovçular dükanından 1200 manat müqabilində bir ədəd Türkiyə istehsallı “Khan Arms” modelli təklüləli ov tüfəngi, 20 ədəd patron aldım. Həmin vaxt pulum çatmadığı üçün telefonumu 500 manata satdım. Silahı evə apararaq gizlətdim. Bundan sonra Zauru güdməyə başladım, bəzən gündüz, bəzən gecə vaxtlarında Zaurun atasıgillə birlikdə yaşadığı ünvanın yaxınlığına gələrək həmin ünvanı izlədim, Zaurun “Hyundai Santafe” markalı avtomobilini də izləməyə başladım. Zaurun instaqram sosial şəbəkədə “zauryusifov.zz” adlı profilini “follow” etmədən profil açıq olduğu üçün hər dəfə girib gizli izləyirdim, orada Zaur “story” bölümündə özü olduğu yerləri, gündəlik həyat tərzi barədə paylaşımlar edirdi, bundan Zauru güdməkdə istifadə edirdim. Tüfəng almağıma baxmayaraq, Zaurun idmançı olmasından ehtiyat etdiyimə görə onu öldürmək üçün qarşısına təkcə tüfəngin içindəki beş ədəd patronla deyil, çoxlu sayda patronla çıxmağa və dəqiq atəş açmağı öyrənməyə qərar verdim, bu məqsədlə əlavə patrondaş da aldım. Mənə atəş hazırlığı ilə necə məşğul ola biləcəyim Novxanı qəsəbəsində yerləşən ödənişli paliqonu məsləhət gördülər. Təxminən beş dəfə xatırlamadığım tarixlərdə sistem üzərindən tanımadığım taksilər sifariş verib həmin poliqona getdim və hər dəfə poliqonda satılan, nisbətən daha ucuz olan patronlardan alıb 10 və 15 metr məsafədən atəş açmaqla atəş təcrübəsini artırdım. Bundan başqa, tüfəngi rahat gəzdirmək üçün “20 Yanvar” metrosunun içində xatırlamadığım dükanların birindən 12 manata qara rəngli iri ölçülü bel çantası aldım və tüfəngi həmin çantanın içində gəzdirirdim. Bu müddət ərzində Zauru güdməyə, onun hərəkət trayektoriyasını izləməyə davam edirdim, lakin bir qayda olaraq əlverişli şərait əldə edə bilmirdim”.

S.Şirəliyev cinayətkar niyyətini reallaşdırmaq üçün bu il martın 14-də yenidən Zaurun yaşadığı ünvanın yaxınlığına yollandığını bildirib: “Həmin gün istirahət günüm olduğuna görə, saat 18:30 radələrinə qədər evdə olmuşam, sonra otaq yoldaşım işə getdi. Yasamalda kirayə yaşadığım yataqxanadan Nəsimi metrostansiyasına taksi sifariş verdim. Taksi gələnə qədər hazırlıq işləri gördüm, silahı doldurdum. Saat 20 radələrində sifariş verdiyim ünvana çatdım. Metro keçidi ilə keçib birbaşa Həşimov küçəsinin sonunda yolun sağ tərəfindəki binanın sonuncu blokunda gizlənib yolun solunda yerləşən Zaurun həyət evini güdməyə başladım. Zaurun avtomobilinin yaşadığı evin qarşısında olduğuna görə onun evdə olduğunu düşünüb təxminən iki saat həmin ünvanı güddüm, eyni zamanda instaqramda Zaurun profilini izləyirdim. Anidən Zaur “story”də çayxanada canlı yayım açaraq ümumi söhbətlər etməyə başladı. 2021-ci ilin yay aylarında Zauru güdəndə onun işlətdiyi “Nargilə” çay evində olduğum üçün həmin yerin içərisini hadisə günü Zaurun canlı yayımı zamanı tanıdım və həmin yerin yaxınlığında beşmərtəbəli binanın sonuncu blokuna gəlib orada gizlənərək çayxananın çıxışını müşahidə etməyə başladım. Bu müddətdə bel çantamı girişdə küncə qoymuşdum və Zauru görən kimi cəld hərəkətlə tüfəngi götürüb Zaura atəş açmaq üçün çantanın ağzını açdım. Təxminən yarım saat sonra Zaur çayxanadan bir qızla çıxdı və gizləndiyim blok istiqamətində addımladı. Blokun girişində ortada dayanıb özümü bina sakini kimi göstərməyə və şübhə yaratmamağa çalışdım, Zaur həmin qızla addımlayaraq blokun qarşısından döndü, orada qız taksiyə əyləşdi. Zaur sonra “Qardaşlar” marketinə daxil oldu”.

Fotoda "Emin 444" ləqəbli Emin Səfərov və Zaur Yusifov

Bundan bir neçə saniyə sonra S.Şirəliyev də sürətlə Z.Yusifovun ardınca marketə daxil olub. O, silahla Z.Yusifodun baş nahiyəsinə 2 dəfə atəş açıb, daha sonra yerə yıxılan Zaurun bədəninə daha 3 dəfə güllə vurub. Qətli törədən gənc daha sonra yaxınlıqdakı məktəb istiqamətinə qaçaraq taksi ilə ərazidən uzaqlaşıb. O, Masallı rayonuna gedərək xalası oğlu Emin Səfərovun qəbrini ziyarət etmək niyyətində olub və taksi ilə rayona yola düşüb. Lakin yolda internetə daxil olduqda axtarıldığını görüb və Cəlilabada dönərək həmin rayonun polisinə təslim olub.

Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilib. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.

Bu il martın 14-də isə "Emin-444"ün xalası oğlu Samir Şirəliyev onun qisasını almaq qərarına gəlib. Samir Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə 1984-cü il təvəllüdlü Zaur Yusifovu odlu silahdan atəş açaraq qəsdən öldürüb.

Nizam Rza