Şanlı ordumuzun Şuşa əməliyyatı...

Şanlı ordumuzun Şuşa əməliyyatı...
Oxunma sayı: 6439

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etmək uğrunda apardığı Böyük Vətən müharibəsi bir neçə səbəbdən dünya hərb tarixinə yazılıb. Bu səbəblərdən biri döyüşlərdə ən müsair texnologiyalardan, xüsusilə də dronlardan bacarıq və məharətlə istifadə olunmasıdır. Digər bir səbəb Azərbaycanın müharibədə tətbiq etdiyi hərbi taktikanın dəqiq və peşəkar hazırlanmasıdır. Nəhayət, müzəffər Ordumuzun Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini azad etmək üçün həyata keçirdiyi misilsiz əməliyyat dünya hərb tarixinə düşəcək əməliyyatlardan biri sayılır.

Şuşanın azad olunması əməliyyatının detalları barədə ilk dəfə xarici mətbuat orqanlarında məlumatlar getməyə başladı. Şəhərdən qovulan erməni hərbçilərin dediklərini dərc edən həmin mətbu orqanlardakı materiallarda Azərbaycan hərbçilərinin Şuşaya yolla deyil, sıldırım qayalarla, yüngül silahlarla çıxdıqları, şəhid və yaralı hərbçi dostlarını da özləri ilə daşıdıqları qeyd olunurdu. Daha sonra Rusiya mətbuatı Şuşanın faktiki olaraq əlbəyaxa döyüş nəticəsində azad olunduğunu yazdı.

İki gün əvvəl işğaldan azad olunmuş Ağdam şəhərinə gedən Prezident İlham Əliyev də Şuşa əməliyyatından danışıb: “Biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.

Sosial şəbəkələrdə isə qazi Alik Məmmədovun Şuşanın necə alınması ilə bağlı paylaşımı yayılıb: “Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, ”limonka" ilə döyüşə gedirdik".

A.Məmmədov yazır ki, Azərbaycan əsgərini nə gözlədiyini hər biri bilirdi: “500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər.

Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın-Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq.

Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdı. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik.

Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdi. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı".

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikrincə, Vətən müharibəsində qazandığımız zəfərə gətirən bir çox amillər var: “Bu amillərin başında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev durur. Bu müharibədə cənab Prezident özünü məharətli sərkərdə kimi göstərdi. Bu qələbənin, bu zəfərin iştirakçıları, müşahidəçiləri olaraq biz bunu görürük. Ölkəmizin zəfərində bütün Azərbaycan xalqının mühüm rolu var - xalq Ali Baş Komandanın ətrafında sıx şəkildə birləşərək yumruğu bir yerə vurdu. Sözsüz ki, müharibə dövrünün şah əməliyyatı Şuşada keçirilən əməliyyatdır. Məhz bu əməliyyat düşmənin ürəyinə saplanan bıçaq oldu, onun diz çökməsinə gətirdi. Düşünürəm ki, Şuşa əməliyyatının dəqiq qiyməti hələ bir müddətdən sonra veriləcək”.

Polkovnik bildirir ki, Ali Baş Komandanın qoyduğu döyüş tapşırığını bacarıqla icra edən hərbçilər Şuşa əməliyyatının böyük zəfərə çevrilməsində mühüm rol oynayıblar: “Xüsusi təyinatlı, eləcə də onlara dəstək verən qüvvələr qarşıya qoyulan tapşırığı tam şəkildə yerinə yetirməyə müvəffəq oldular. Şuşa işğal olunmuş Azərbaycan ərazlərinin ən yüksək nöqtələrindən biri, bəlkə də birincisidir. Onun azad olunması əməliyyatı da Böyük Vətən müharibəmizin zirvə nöqtəsidir. Şuşa döyüşünə qədər Ordumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayırdılarsa, bu şəhər uğrunda gedən döyüş hərbçilərimizin də yüksək döyüş qabiliyyətinə malik olduğunu ortaya qoydu. Ondan sonra heç kim iddia etmir ki, Azərbaycan döyüşlərdə dronlar hesabına qələbə qazandı. Şuşa elə bir yerdir ki, oranı 5-10 günlük hazırlıqla azad etmək mümkün deyildi. Bunun üçün illərlə hazırlıq keçilməsi lazım idi. Ali Baş Komandanın nəzarəti altında Azərbaycan Ordusu bu hazırlığı keçmişdi, hər cür mürəkkəb relyefdə, hava şəraitində döyüşmək bacarıqlarına yiyələnmişdi. Şuşa əməliyyatının xarakteri eləydi ki, orada heç bir səhvə yol vermək olmazdı. Əməliyyat ən kiçik detallarına qədər, ən yüksək dəqiqliklə, dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək peşəkarlıqla hazırlanmalıydı, hazırlandı da. Əməliyyata elə heyət cəlb olundu ki, onun icrasında kiçik də olsa səhvə yol verilmədi”.

Ş.Ramaldanovun sözlərinə görə, Şuşa əməliyyatında bir məqsəd də şəhərin dağıntılara məruz qalmasına yol verməmək idi: “Bu məqsədə də nail olundu, Şuşa demək olar ki, dağıntısız azad olundu. Hərbçilərimiz sıldırım qayalarla yuxarı qalxaraq düşməni heç gözləmədiyi yerdə yaxaladılar, yaxın məsafəli, əlbəyaxa döyüşdə onu məğlub edib, içərilərə sızdılar. Daha sonra şəhərin içinə doğru irəlilədilər, bu isə düşməni panikaya düşməsinə, idarəçiliyi itirməsinə gətirib çıxardı. Beləliklə, düşmən bütünlüklə Şuşadan qovuldu. Azərbaycan Ordusunun Cənub istiqamətində irəliləyişləri inkişaf etmiş texnologiyalardan peşəkar istifadə, rəhbərliyin düzgün planlaşdırması nəticəsində azad olunmuşdusa, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. Əməliyyatların zirvəsində gələn Şuşa döyüşü isə vaxt gələcək kinolara çəkiləcək, ən müxtəlif səviyyələrdə araşdırılacaq, haqqında onlarla əsərlər yazılacaq”.

Musavat.com