Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak etdilər - Fotolar

sehid-ovladlari-izmirde-iv-kosmik-dusergede-istirak-etdiler
Oxunma sayı: 224

23–29 avqust 2026-cı il tarixlərində Türkiyənin İzmir şəhərində yerləşən “Space Camp Turkey” mərkəzində Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “IV Kosmik Düşərgə” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, düşərgə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın birgə təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə reallaşdırılıb. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid ailəsinin üzvü iştirak edib.

Düşərgə çərçivəsində təşkil olunan sertifikatlaşdırma mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edərək çıxış edib. Baş katib tədbirin təşkilinə dəstək verən qurumlara təşəkkürünü bildirərək, bu layihənin Türk Dünyasının gənc nəsilləri arasında elmi əməkdaşlığı və dostluq əlaqələrini möhkəmləndirən mühüm bir platformaya çevrildiyini vurğulayıb.

“IV Kosmik Düşərgə”nin əsas məqsədi gənc nəslin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə marağını artırmaq, onların innovasiya və kosmos texnologiyaları istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Düşərgə iştirakçıları kosmos elmləri, süni intellekt, robototexnika və qabaqcıl texnologiyalar sahəsində nəzəri və praktiki təlimlərə qatılıb, müasir texnoloji avadanlıqlarla işləmək imkanı əldə ediblər.

Görüşlə yanaşı, düşərgə zamanı həftəlik intensiv proqram çərçivəsində iştirakçılar "Discovery" və "Aurora" simulyasiyalı kosmik missiyalarda iştirak edib, "Hurricane 360 VR", "RIOT 3D", sıfır cazibə divarı ("Zero-G Wall"), çoxoxlu fırlanma ("Multi-Axis Trainer") və 1/6 cazibə qüvvəsi oturacağında müxtəlif sınaqlardan keçiblər. İştirakçılar, həmçinin Mars bazasının layihələndirilməsi, raket elmi və mühəndisliyi, isti hava balonlarının və təzyiqli raketlərin hazırlanması, mikrocazibə şəraitində insan fiziologiyası, Beynəlxalq Kosmik Stansiyada suyun dövriyyəsi və Hidroponika (torpaqsız əkinçilik) laboratoriyasında elmi təcrübələr mənimsəyiblər. Günəş və gecə səması müşahidələri aparan gənclər "Star Lab" planetarisində kosmos elmlərinin incəliklərinə yiyələniblər.

Proqramın sonunda təşkil olunan təntənəli sertifikatlaşdırma mərasimində İzmir valisi Dr. Süleyman Elban, TUA sədri Yusuf Kıraç, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, ESBAŞ İdarə Heyətinin sədr müavini Dr. Faruk Güler, “Space Camp Turkey” direktoru Halime Büyükyüksel, həmçinin müəllim və şagirdlər iştirak ediblər.