Sekyuritizasiya fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik

sekyuritizasiya-fealiyyeti-ile-bagli-qanunvericiliye-deyisiklik
Oxunma sayı: 211

Azərbaycanda sekyuritizasiya fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə, xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması və s. kimi tələbləri müəyyən edir.

Layihəyə əsasən, sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və ya faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti qismində çıxış edə bilən digər pul tələblərini müəyyən etmək hüququna malikdir. Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borclar, həmçinin üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti ola bilməz. Sekyuritizasiyanın predmeti olan aktivlər bu Qanunun 74-8-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur.

Sekyuritizasiyanın predmeti olan aktivlər digər şəxslərin xeyrinə yüklü edilə, həmin aktivlər üzərinə sekyuritizasiya istiqrazı mülkiyyətçilərindən başqa, digər kreditorların tələblərinin ödənilməsi üçün həbs qoyula və həmin aktivlər üzrə tələb yönəldilə bilməz.

Sekyuritizasiya predmetinin bu Qanunun tələblərinə uyğunluğu sekyuritizasiya planının təsdiqi zamanı bu Qanunun 61.14-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən kənar auditor tərəfindən, sekyuritizasiya planının qüvvədə olduğu müddətdə isə xidmət agenti tərəfindən yoxlanılır.

Bu Qanunun 8-2-ci fəslinin tələbləri Mülki Məcəllə ilə müəyyən edilən ipoteka istiqrazlarının emissiyasına şamil edilmir. Sekyuritizasiya istiqrazları bu Qanunun 74-12.1-ci və 74-12.2-ci maddələri nəzərə alınmaqla, yalnız institusional investorlar tərəfindən əldə edilə bilər. Sekyuritizasiya predmetinə dair digər tələblər Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

Sekyuritizasiya şirkəti fəaliyyətinin müstəsna predmeti bu Qanuna uyğun olaraq, sekyuritizasiya fəaliyyətinin həyata keçirilməsi olan kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətini həyata keçirmək hüququna yalnız bu Qanunun 74-10-cu maddəsinə əsasən sekyuritizasiya planı təsdiq olunmuş hüquqi şəxslər malikdirlər. Sekyuritizasiya şirkətinin adında “sekyuritizasiya şirkəti” sözləri olmalıdır. Siyahısı bu Qanunun 62.3-cü maddəsinə uyğun olaraq müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış şəxslər və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri, belə zonalarda qeydiyyata alınmış şəxslər sekyuritizasiya şirkətinin paylarına birbaşa və ya dolayı yolla sahib ola bilməzlər. Sekyuritizasiya şirkətinə edilən ödənişlər həmin şirkətin bank hesabı vasitəsilə həyata keçirilir. Sekyuritizasiya şirkətinin emissiya etdiyi sekyuritizasiya istiqrazlarını geri almaq hüququ yoxdur. Xidmət agenti sekyuritizasiya şirkəti ilə bağlanmış müqaviləyə əsasən bu Qanunun 74-7.3-cü maddəsində nəzərdə tutulan vəzifələri həyata keçirir. Xidmət agenti qismində aktivlərin satıcısı, habelə kredit, maliyyə icarəsi və ya faktorinq təşkilatı ola bilər. Xidmət agenti sekyuritizasiya şirkətinə aidiyyəti şəxs ola bilməz. Xidmət agenti sekyuritizasiya planında müəyyənləşdirilir.

Xidmət agenti aşağıdakı vəzifələri həyata keçirir:

- sekyuritizasiya predmetinin bu Qanunun tələblərinə uyğunluğunun yoxlanması;

- pul tələbləri üzrə əsas məbləğlərin və digər ödənişlərin borclulardan tələb edilməsi, pul tələblərinin təminat hesabına ödənilməsi üçün tədbirlərin görülməsi və sekyuritizasiya şirkətinin hesabına ödənilən vəsaitlərin uçotunun aparılması;

- Aktivlərdən daxil olan pul vəsaitlərinin sekyuritizasiya planına uyğun bölüşdürülməsi və sekyuritizasiya istiqrazı mülkiyyətçilərinə ödənişlərin həyata keçirilməsi;

- Bu Qanunun 74-8-ci maddəsinə əsasən aparılan sekyuritizasiya istiqrazları üzrə sekyuritizasiya predmeti olan aktivlərin reyestrinə nəzarətin həyata keçirilməsi, aktivlərin reyestrdən çıxarılması və ya başqa aktivlə əvəz edilməsinə dair müraciətlərə baxılması.

Xidmət agenti sekyuritizasiya predmetində aşkar etdiyi, lakin aktivlərin satıcısı tərəfindən bu Qanunun 74-9.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aradan qaldırılmamış pozuntular barədə bildirişi pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin bitməsindən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim etməli və mediada açıqlamalıdır. Mərkəzi Bank bildirişi aldığı gündən 3 (üç) iş günü müddətində onu öz internet informasiya ehtiyatında yerləşdirir. Xidmət agenti bu Qanunla xidmət agentinə dair müəyyən edilmiş tələblərə cavab vermədikdə, vəzifələrinin icrası zamanı pozuntulara yol verdikdə, ona verilmiş lisenziya (olduqda) ləğv edildikdə, müflis elan edildikdə və ya ləğv edildikdə sekyuritizasiya şirkəti yeni xidmət agentinin müəyyən edilməsi ilə bağlı sekyuritizasiya planına müvafiq dəyişikliklər edərək 10 (on) iş günü müddətində razılaşdırılması üçün Mərkəzi Banka təqdim edir.

Bu Qanunun 74-7.5-ci maddəsində qeyd edilmiş dəyişiklik üzrə müraciətə Mərkəzi Bank tərəfindən 10 (on) iş günü müddətində baxılır və bu Qanunun 74-10.6-cı maddəsində müəyyən edilən hallar aşkarlanmadıqda sekyuritizasiya planına dəyişiklik təsdiq edilir və ya 74-10.6-cı maddəsində müəyyən edilən hallarda dəyişiklikdən imtina edilir. Xidmət agentinin fəaliyyətinə dair əlavə tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı