Səməd Səmədovun ölüm səbəbi ilə bağlı - Yeni Klinikadan açıqlama

semed-semedovun-olum-sebebi-ile-bagli
Oxunma sayı: 23348

Xəbər verdiyimiz kimi, Xalq artisti Səməd Səmədov bu gün 74 yaşında müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

"Qafqazinfo"ya açıqlama verən klinikanın reanimatoloqu Emil Qasımov ifaçının ölüm səbəbi barədə danışıb.

O bildirib ki, S.Səmədov ötən gecə klinikaya çox ağır vəziyyətdə gətirilib:

"Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq. Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik. Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik". 

***

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış isə bildirib ki, Xalq artisti Səməd Səmədov ötən gün 60-70 saturasiya ilə Yeni Klinika tibb müəssisəsinə daxil olub:

"Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən, onda  koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.  Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, Xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".

Emin Səfərov