Şəmkirdə şagird öldürüldü - Yenilənib

semkirde-sagird-olduruldu
Oxunma sayı: 1826

Xəbər verdiyimiz kimi, Şəmkirdə qətl hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Şəmkir Rayon Prokurorluğu da məlumat yayıb: “Oktyabrın 1-i  Şəmkir rayon sakini yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1 oktyabr tarixində axşam saatlarında  Şəmkir rayon Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdi həmyaşıdı, Şəmkir rayon Peşə liseyinin şagirdinə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

 "Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilsə də,  təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - açıqlamada qeyd olunur.