SEPAH Hörmüzü bağladı

sepah-hormuzu-bagladi
Oxunma sayı: 1127

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın dəniz blokadasını qaldırmamasına cavab olaraq strateji Hörmüz boğazının tamamilə bağlandığını bəyan edib.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, mülki gəmilərin “Larak dəhlizi”ndən keçidinə dair qısa müddətli icazə ləğv edilib.

SEPAH-ın bəyanatında bildirilir ki, ABŞ atəşkəs öhdəliklərini pozaraq İran limanlarının mühasirəsini saxladığı üçün bu gün axşamdan etibarən boğazdan bütün hərəkətlər dayandırılır.

SEPAH-ın hərbi dəniz qüvvələri Fars körfəzi və Oman dənizindəki bütün gəmi sahiblərinə sərt xəbərdarlıq göndərib. Bildirilib ki, Hörmüz boğazına yaxınlaşan istənilən gəmi “düşmənlə əməkdaşlıq” edən tərəf kimi qiymətləndiriləcək və dərhal hədəfə alınacaq. Qurum həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın regiondakı vəziyyətlə bağlı açıqlamalarına etibar edilməməlidir və məlumatlar yalnız rəsmi hərbi kanallar vasitəsilə izlənilməlidir.

Xatırladaq ki, regiondakı gərginlik fevralın 28-də ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə yeni müstəviyə keçib. Həmin əməliyyatlar nəticəsində İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər həyatını itirib.

Buna cavab olaraq Tehran təkcə İsrailə deyil, həm də ABŞ-ın hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Kiprdəki hədəflərə raket zərbələri endirib. Aprelin 11-də İslamabadda keçirilən diplomatik danışıqlar isə tərəflər arasındakı dərin fikir ayrılıqları səbəbindən nəticəsiz qalıb.