Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi qlobal diaspor tarixində yeni əməkdaşlıq modelini formalaşdıran və beynəlxalq əhəmiyyət kəsb edən unikal layihəni – Diaspor Gənclərinin Yay Düşərgələri layihəsini uğurla davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi bu il Şərqi Zəngəzurun dilbər guşəsi olan Zəngilanda baş tutub.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Zəngilan rayonunda aparılan bərpa-quruculuq işləri, həmçinin dünya diaspor tarixində unikal layihə olan Diaspor Gənclərinin Yay Düşərgələrinin Azərbaycanda keçirilməsinin tarixindən bəhs edən qısa filmlər böyük maraqla qarşılanıb.
“Diaspor Gənclərinin Yay Düşərgələri dünya diaspor tarixinin unikal və nüfuzlu layihələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti bu mühüm layihənin davamlılığını şərtləndirir və sizin bu gün Qarabağda olmağınız əldə olunan çox mühüm nəticədir. Bundan sonra əsas hədəfimiz qlobal Azərbaycan icmasının birliyini yaratmaqdır, siz bu birliyin ən fəal üzvləri olmalısız”, – bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı səsləndirib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov diaspor gənclərini əhatə edən innovativ layihənin xaricdəki Azərbaycan icmalarının birliyinə, diasporun gəncləşməsinə verdiyi töhfələrdən danışıb, düşərgənin bir neçə ildir ki, işğaldan azad olunan ərazilərdə keçirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Dirçələn şəhərlər” şüarı ilə Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində 64 ölkədən 123 diaspor gənci və ölkəmizi sevən xaricilər iştirak edir.
Dünya diaspor tarixinin innovativ layihələrindən, həmçinin nadir təşəbbüslərdən biri hesab olunan Diaspor Gənclərinin Yay Düşərgələri 2018-ci ildən keçirilir. Düşərgələr bu günə kimi Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində keçirilib. Layihədə ümumilikdə 84 ölkədən 700-dən çox diaspor gənci və ölkəmizi sevən xalqların nümayəndələri iştirak edib. Layihə xaricdə yaşayan azərbaycanlı gəncləri tarixi Vətənə daha sıx bağlayır, onların milli kimlik və mənəvi dəyərlərə marağını gücləndirir, ortaq təşəbbüslərin təşviqinə, uzunmüddətli əməkdaşlıq platformalarının yaradılmasına təkan verir.












Son xəbərlər
Son Xəbərlər