Lənkəranda vaxtilə təxminən 2000-ə yaxın şagirdin təhsil aldığı məktəbdə hazırda 900-ə yaxın şagirdin oxuduğu iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb kimi təhsil ocağının qəzalı vəziyyətdə olması göstərilir.
Şikayətçilər Lənkəran şəhər 10 saylı tam orta məktəbin əsaslı təmirə ehtiyacı olduğunu bildirirlər.
Məktəb müəllimi Ziyafət Bayramovanın sözlərinə görə, təhsil müəssisəsi 1985-ci ildə istifadəyə verilsə də, bu müddət ərzində əsaslı təmir aparılmayıb:
“Sinif otaqlarında toz qalxır, sement örtüyü aşınıb. Bu vəziyyət uşaqların sağlamlığı üçün də risk yaradır. İllər ərzində məktəb demək olar ki, bərbad vəziyyətə düşüb. Əgər bu günə qədər fəaliyyət göstəribsə, bu daha çox valideynlərin dəstəyi hesabına olub. Hər il imkan daxilində məktəbə müəyyən köməklik göstərmişik. Yoxsa indi Hindistan məktəbləri kimi yerdə oturmalı olardıq”.
“Məktəb çox qəzalı vəziyyətdədir. Sinif otaqları bərbad haldadır və tədris üçün uyğun deyil. Qış aylarında isə uşaqların burada təhsil alması demək olar ki, mümkün olmur. Ümumilikdə vəziyyət çox ağırdır”, – valideyn Zamin Rzayev bildirib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov bildirib ki, 10 nömrəli məktəbdə bir sıra təmir və bərpa işləri həyata keçirilib.
“Məktəbin dam örtüyü yenilənib, cari tədris ili ərzində bütün pəncərələr yeni pəncərələrlə əvəz olunub, giriş qapıları dəyişdirilib, su-kanalizasiya və istilik sistemlərində bərpa işləri aparılıb. Bu yay mövsümündə isə su-kanalizasiya şəbəkəsində və elektrik xətlərində əlavə bərpa işlərinin görülməsi nəzərdə tutulur. Məktəbin əsaslı və cari təmiri müəyyən edilmiş növbəlilik prinsipi əsasında həyata keçirilir və bu məsələ hazırda nəzarətdədir”, - deyə əlavə edib.
Daha ətraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər