Siyasi partiyaların neçə üzvü var? - Sorğu

siyasi-partiyalarin-nece-uzvu-var
Oxunma sayı: 4684

Noyabrın 1-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyalar arasındakı seçki rəqabəti də gərginləşir.

Liderlər isə şübhəsiz ki, bu mübarizədə daha çox partiya üzvlərinə güvənirlər. Maraqlıdır, Azərbaycandakı əsas siyasi partiyaların neçə rayon təşkilatı və nə qədər üzvü var?

“Qafqazinfo” xəbər verir ki, ölkə.az bu sualla partiya liderlərinə müraciət edib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, təmsil etdiyi təşkilatın üzvlərinin sayı 660 min 265 nəfərdir.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə etiraf edir ki, rəhbərlik etdiyi təşkilat qeydiyyatdan keçmiş ən kiçik siyasi partiyalardandır:

"Partiyamızın 3 minə yaxın üzvü, 48 rayon təşkilatı var. Ən kiçik partiyalardan biriyik. Bəziləri deyir 100-200 min üzvümüz var. Mən isə real olanı dedim".

Böyük Quruluş Partiyasının 10 minə yaxın üzvü isə 68 rayon təşkilatında toplaşıb. Bunu isə partiyanın sədri Fazil Mustafa deyir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, rəhbərlik etdiyi təşkilatın 62 rayon təşkilatı və 20 mindən artıq üzvü var.

AXCP-də isə üzvlərin sayı 30 minə yaxındır. Partiya sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, üzvlər 78 rayon təşkilatında cəmləşib.

Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, partiyanın 80 rayon təşkilatının hər birində orta hesabla 4-5 yüz üzv var. Bu isə təxminən 40 min müsavatçı deməkdir.

Müasir Müsavat Partiyası isə 56 rayonda təşkilata sahibdir. Partiya sədri Hafiz Hacıyev bildirir ki, 82 min üzvə öz imzası ilə vəsiqə təqdim edib.

BAXCP-nin 56 rayon şöbəsi və 15 minə yaxın üzvü var. Partiya sədrinin müavini Niyaməddin Orduxanlı belə deyib.

Sərdar Cəlaloğlunun sədri olduğu ADP isə 10 minə yaxın insanı ətrafında birləşdirib. Partiyanın 50-dən artıq rayon təşkilatı var.