Siyəzəndə kənd təsərrüfatı sahəsində keçirilən tədbirlərlə bağlı monitorinq baş tutub - Fotolar

siyezende-kend-teserrufati-sahesinde-kecirilen-tedbirlerle-bagli-monitorinq-bas-tutub
Oxunma sayı: 314

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Siyəzən rayonunda həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə bağlı 16 sentyabr 2026-cı il tarixində monitorinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, monitorinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Ruhiyyə Hacıyeva və Aqşin Ağayev, bu məqsədlə yaradılmış rayon qərargahının üzvləri o cümlədən, aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində Siyəzən rayonu üzrə görülən işlər və qarşıda duran məqsədlər barədə ətraflı məlumat vermişdir.

Monitorinq çərçivəsində rayon ərazisində kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində həyata keçirilən təşəbbüslərlə yerində tanışlıq məqsədilə bir sıra təsərrüfatlara baxış keçirilib.

“Siyəzən Broyler” ASC-də quş əti istehsalının həcminin artırılması üçün yeni fermaların tikilməsi və quş emalı imkanlarının genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. Eyni zamanda, təsərrüfatda balıqçılıq məhsulları üzrə istehsal və ixrac imkanlarının genişləndirilməsi, balıqartırma təsərrüfatlarının yaradılması və nərə balığı istehsalının artırılması istiqamətində görülən işlərə baxış keçirilib. Məlumata əsasən, balıqçılıq üçün ilkin infrastruktur yaradılıb, hovuzlar tikilib və balıq körpələri suya buraxılıb. Hazırda təsərrüfatın təmiz su ilə təmin olunması məqsədilə su kanalının çəkilişi ilə bağlı işlər aparılır.

Monitorinq zamanı rayonda akvakultura istiqamətində həyata keçirilən digər layihə ilə də tanışlıq olub. İldə 360 ton forel balığı istehsalı üçün nəzərdə tutulan obyektin tikintisinə başlanıldığı və işlərin 80 faizinin yerinə yetirildiyi bildirilib.

Həmçinin rayonda intensiv bağçılıq istiqamətində görülən işlərə baxış keçirilib. Təsərrüfat ərazisində 30 hektar qoz bağının salındığı, intensiv suvarma sisteminin quraşdırılması üçün hazırlıq işlərinin aparıldığı barədə məlumat verilib.

Monitorinq zamanı təsərrüfatlarda görülən işlərin mövcud vəziyyəti, nəzərdə tutulan tədbirlərin icrası, qarşıya çıxan məsələlər və sahibkarların təklifləri müzakirə olunub.

Keçirilən monitorinq Dövlət Proqramı çərçivəsində Siyəzən rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin yerində öyrənilməsinə və qarşıda duran məsələlərin müəyyənləşdirilməsinə xidmət edib.

Aparılan təbliğat-təşfiqat işləri nəticəsində Siyəzən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Siyəzən rayonunda daha iki təşəbbüs irəli sürülmüş və icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.