“Söhbət əsl kişilərdən gedir...” - Biznes-ledi olan aktrisa

sohbet-esl-kisilerden-gedir-
Oxunma sayı: 45476

Aktrisa Çimnaz Sultanovanın “Qafqazinfo”ya müsahibəsi

- Çimnaz Sultanova kimdir?

-İlk öncə Çimnaz Sultanova bir qadındır... Bakıda doğulmuşam, uşaqlığım Moskvada keçib. Yay və qış tətillərində ora gedirdik, demək olar ki, orada böyüyüb boya-başa çatmışam. Tələbəlik illərim Almaniyada keçib. Qohumlarım və nənəm Almaniyada yaşayıb. Almaniyada yaşadığımız şəhərcik rusdilli keçmiş Sovet ölkələrinin tələbələrindən ibarət idi. Mən beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil almışam, “Dram krujok”da aktyorluq sənəti üzrə məşğul olmuşam. Almaniyada praktikamız səhnədə yox, vətəndaşların arasında reallaşırdı.

Aktyorluq üzrə müəllimlərimiz Sankt-Peterburqdan gələn miqrantlar idi, Almaniyadakı teatrda dərs deyirdilər və bizə rolumuzu başa salırdılar. Məsələn, oğlana belə rol vermişdilər ki, küçədə qıza yaxınlaşıb onunla tanış olsun. Oğlan adi vətəndaşa yaxınlaşaraq rolunu yüksək səviyyədə ifa etməyə çalışırdı. Onu da qeyd edim ki, bu sənətə uşaqlıqdan marağım var idi. Daha əvvəl isə İsrail Mədəniyyət Mərkəzində aktyorluq sənəti ilə bağlı dərslər almağa başladım. Müəllimlərimiz Rus Dram Teatrının aktyorları idi. Eyni zamanda vokal üzrə təhsil alırdı. İlk ən böyük səhnə təcrübəmdə “Ester” obrazını canlandırmışam. Yəhudilərin kraliçası rolunu ifa etmişəm.

“Teatrda verilən maaşla dolana bilmərəm”

- Azərbaycana gəldikdən sonra nə işlə məşğul olmusuz?

- Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəmədim. Uşaqlıqdan aktrisa olmaq niyyətində olmuşam. Ancaq bu sənəti davam etdirmək istəmədim. Təbii ki, bunun səbəbləri var idi. Margaret Tedçerin bir müsahibəsini oxumuşdum. O belə ifadə işlətmişdi: “İqtisadi azadlıq olmasa, başqa azadlıqdan söhbət gedə bilməz”. Bu söz beynimə həkk olundu. Düşündüm ki, mən əvvəlcə öz işimi, biznesimi elə qurmalıyam ki, gələcəkdə nə atamdan, nə anamdan, nə də qohumlardan asılı olum. İqtisadi baxımdan hər kəsdən azad olum, daha sonra istədiyim peşəylə məşğul olum. Uşaqlıqdan bunu dərk edirdim və başa düşürdüm ki, teatrda verilən qonorarla dolana bilmərəm.

-Hansısa bir teatrda çalışırsız?

-Xeyr, heç bir teatrda çalışmıram. İşləmək də fikrim yoxdur. Təkliflər də çox olub. İnşallah, bəlkə də, bizdə də nə vaxtsa, Hollivuddakı kimi aktyorlara yüksək qonorar verməli olacaqlar. Hazırda bu barədə düşünmürəm.

-Verilişlərin birində ifa etdiyiniz “Nostalji” mahnısı bəyənilib. Müğənni olmaq barədə düşünmürsüz?

- Bu mənim hobbimdir. Yaxşı alınır, hamının xoşuna gəlir. Gülnarə Allahverdiyeva adlı yaxın rəfiqəm var, mənə oxumaq barədə təklif irəli sürdü. Mədəniyyət və İncəsənət Universitetində vokal üzrə baş müəllimdir. “Nostalji” fransız mahnısıdır, ideya Gülnarə xanıma məxsusdur. Mahnını ana dilimizdə oxumaq barədə qərar verdik. Elə hazırda albom üzərinə çalışırıq, bu həftə ərzində yeni mahnım da çıxacaq.

- Tamaşaçılar sizi daha çox “Vicdan haqqı” serialı ilə tanıdı...

- İlk dəfə “Sənə inanıram” serialında rol almışam. Daha sonra “Yüz kağız” filmi, “Qisas” serialında tamaşaçıların qarşısına keçmişəm. “Vicdan haqqı” serialını çox gözləyirdim. Film və seriallarla bağlı çox ssenarilər göndərirdilər, heç birini bəyənmirdim. Aktyor İlham Qasımov əvvəl çəkildiyim serialda görüb, mənim oyunumu bəyənib və Larisa obrazı ilə rejissora təqdim etdi. Rolla bağlı kastinqə çox insan müraciət etmişdi. Məni bəyəndilər və çəkildim. Rövşən İsaxla işləməkdən zövq alıram. Belə istedadlı rejissorla çalışmağı özümə şərəf bilirəm. Serialdakı Larisanı mənə qalmış olsaydı tamam fərqli şəkildə oynayardım. Obrazdakı baxışlar, gülüş və sairə Rövşən İsax imzası daşıyır, onun uğurudur.

“Aldığım qonorarı xeyriyyə işlərinə sərf edirəm”

- Qeyd etdiz ki, teatrlarda qonorar çox azdır. Bəs bu serialın sizi cəlb etməsində qonorarın da rolu var?

- Mən qonorara fikir vermirəm, özüm isə iş adamıyam. Serialdan aldığım qonorarı xeyriyyə işlərinə sərf edirəm.

“Onun başına oyun açırlar, döyürlər, təhqir edirlər”

- Larisa obrazı daha çox tənqidə məruz qalır...

- Serialdakı obraz hər kəsin fikirləşdiyi qadın obrazı deyil. Bizdə elədi ki, ikinci xanımı kişi saxlayır, qazandığından ona büdcə ayırır. Serialda isə tamam fərqlidi. Larisa Kamili ( aktyor Elxan Yunis) kasıb insan kimi tanıyıb və onu səmimi qəlbdən sevərək əl uzadıb. Neçə illərdir ki, onun Bakıda yaşayan ailəsinə kömək edib, pul göndərib. Sadəcə onu demək istəyirəm ki, Larisa Kamilə böyük köməklik edib. İnsanlar bildirir ki, Kamil məcburən Larisa ilə evlənir. Məcburən kim kiminlə evlənir? Larisa Bakıya gələn zaman Kamilə ilk sözləri belə olur: “Sən Dilarəyə (Kamilin həyat yoldaşı) demisən?” Yəqin ki, Kamil Larisanı inandırıb ki, Bakıdakı ailəmə xəbər verəcəm. Bu qadında ona inanıb, çox sevib və sevdiyi insanın arxasıyca Bakıya gəlib. Larisa Kamilin borclarını sildirib, onu xilas edib, həmçinin də biznes qurmağına, böyük bir villa almağına köməklik göstərib, bir sözlə, onu milyonçu edib. Bunların hamısı sevgidən irəli gəlir. Çünki Larisanın Kamilə sevgisi böyükdür.

Ancaq Larisa Bakıya gələndə onun başına oyun açırlar, döyürlər, təhqir edirlər. Halbuki, bu qadının pulu ilə Kamilin uşaqları təhsil alıblar, yaşayıblar. Bu serialda bir Çimnaz olaraq çox şeylər çatmır. Məsələlərdən biri Kamilin ətraf-mühit və qonşu sözləri ilə oturub-durmağını anlamıram. Mən real həyatımda belə problemlə üzləşməmişəm. Bəlkə də, çox bəxtəvər adamam, şanslı insanam. Mənim çox gözəl qonşularım var. Mən indiyə kimi eşitməmişəm ki, qonşular gəlib bir-birilərinin arxasınca danışsınlar. Əksinə, hamısı çox mehriban, gülərüz və xeyirxah insanlardır.

“Ər-arvad həmişə bir olmalıdır”

-Real həyatda necə? Serialdakı kimi belə fədakar ola bilərsiz?

- Heç vaxt...Qadın qürurlu olmalıdır, hər şeyə göz yummaq olmaz. Tutaq ki, bir qadın olaraq çox sevdiyim bir insanı tək başına 8 ay yox, 8 həftə yox, 8 il Rusiyaya göndərmək olar? Sevdiyin insanın yanında olmaq, ona dəstək vermək lazımdır. Əgər həyat yoldaşımın maliyyə problemi olsaydı, Rusiyaya onunla birgə gedərdim. Ər-arvad həmişə bir olmalı, bir-birilərinə dayaq olmalıdır. Kişi qadından qayğı görsə, başqası ilə evlənməz. İlk öncə dost olmaq lazımdır, onun problemlərinə qulaq asmaq gərəkdir. Kamil Larisanı niyə belə çox sevir? Çünki, Larisa onun sirdaşı olub, bütün problemlərini onunla paylaşıb. Ancaq mən , xəyanətə heç vaxt dözmərəm. Bu mənim üçün yad bir mövzudur.

-Bir kişi iki qadını sevə bilər?

- Bir kişi iki qadını heç vaxt sevə bilməz, ancaq aldada bilər. Mən sevgiyə inanıram, mənim anam və atam, bir sözlə ailəm sevgidən ibarət olub. Babam axund olaraq alman qadını sevib, evlənib. Sevgi nə dinə, nə də millətə baxır. Deyirlər ki, gözəllik dünyanı xilas edəcək. Ancaq mən isə sevginin dünyanı xilas edəcəyini düşünürəm. Sevgi insanı özünə dəyər verməyindən başlayır, birinci özünü sevməlisən. Özünü sevən, hörmət qoyan insan başqasını da sevə bilər. Demək istəyirəm ki, sevgi varsa, pulsuzluğa, söz-söhbətə dözmək olar.

- Bəs Larisa kimi ikinci həyat yoldaşı olardız?

-Yox, bu mövzü mənə yaddır, mən bunu heç ağlıma da gətirə bilmirəm.

- Serialda Raul obrazını canlandıran uşağın sizin oğlunuz olduğunu deyirlər...

- Bacımın övladıdır, istedadlı uşaqdır, hələ 5 yaşı var. Çəkiliş meydançasına həvəslə gəlir, kamera görəndə uşaq dəyişir, rola girir. Ekranları çox sevir, mənə bənzəyir.

-Aktiv sosial şəbəkə istifadəçisisiz. Serialdakı obrazınızla bağlı tənqid, təhqir olur?

-Baltanı gətirin ( gülür ). Ciddi deyirəm ki, 10-cu seriyadan sonra özümə mühafizəçi tutmalıyam. Daha şəhərə tək çıxmayacağam, onsuz da qapalı həyat tərzim var. Kişilər bu obrazı çox bəyənirlər, niyə də bəyənməsinlər? Gözəl, varlı, ali savadlı və oğlan uşağı dünyaya gətirən qadını hansı kişi istəməz? Həm də bu qadın kişinin hər sözünü eşidir, qəbul edir. Kişilər üçün Larisa obrazı ideal bir qadındır. Xanımlar da isə fərqlidir.

Çox insan birinci seriyanı izləməyib, yazırlar ki, Larisa Kamili puluna görə istəyir. Xanımlar isə mənimlə maraqlanırlar. Hansı kosmetikadan istifadə edirəm, saçımın rənginin boyasının nömrəsini, paltarlarımı hardan aldığımı soruşurlar. Həmçinin, ideal bədən quruluşumun sirrlərini soruşurlar, saxladığım pəhrizi və sairə. Yeniyetmə qızlar daha çox maraqlanırlar. Amma, çoxu mən ekranda yaratdığım obrazı, şəxsən məni səhv salırlar. Düşünürlər ki, real həyatda da beləyəm, qadınlar mənə nifrət hissi ilə yanaşırlar, amma bu məni çox sevindirir. Bu sübut edir ki, aktrisa kimi rolumun öhdəsindən çox yaxşı gəlmişəm. İnsanları inandıra bilmişəm. Bu, aktrisanın qələbəsidir. Bir neçə qadın isə yazır ki, məni harda görsələr boğacaqlar ( gülür). Əksəriyyəti sevir, maraqlanır.

-Geyimlərdən danışmışkən bir sual verim. Belə başa düşürəm ki, şoppinqə daha çox pul xərcləyirsiz...

- Geyimlərimi xaricdən alıram, orada daha çox boş vaxtım olur. Gəzirsən, mağazalarda seçim çoxdur. Şoppinqi hər bir xanım sevir. Özümü çox sevirəm, günlərim salonlarda və SPA mərkəzlərində keçir. Aylıq özümə xərclədiyim maliyyə çox olur.

-Siz evlisiz?

- No comment ( gülür).

- Eyni zamanda biznes-ledisiz, böhran sizə təsir etdi?

- Təbii ki, təsir etdi, obyektlərdən bağladığımız olmadı, ancaq çox şey bahalaşıb. İndi hər şey yavaş-yavaş düzəlir.

“Söhbət əsl kişidən gedir, alfonslardan yox...”

- Öz çəkinizi qoruyan bir xanımsız. Öz biznesiniz, eviniz, bir sözlə hər şeyiniz var. Bəs sizi daşıya biləcək, sizinlə ailə həyatı quracaq ideal kişi necə olmalıdır?

- İnsanda proqress olmalıdır, reqress yox... İnsan həmişə öz üzərində çalışmalıdır, mütailə etməlidir. İmic və biznes baxımdan ən gözəl şeyi etməyə çalışmalıdır. Daim yenilik axtarmalıdır. Onu da deyim ki, kişi qadından çox qazanmalıdır. Qadının çox pul qazanmağına hər kişi dözmür, qüruruna sığışdırmır. Qürurlu kişi belə bir şeyi götürməz. Düzdü, sevgi olan yerdə hər şeyə göz yumursan, amma kişiyə çox pis təsir edir. Kişi özünü idarə etməlidir... Əlbətdə ki, söhbət əsl kişidən gedir, alfonslardan yox... (gülür).

Elvin Elxan

Fotolar: Nuran