ABŞ və Rusiya arasında strateji nüvə silahlarını məhdudlaşdıran son müqavilə olan Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (“Yeni START”) müddəti başa çatır. Müqavilənin uzadılması və ya yeni sazişin imzalanması ilə bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi yaydığı yazılı açıqlamada “Yeni START” müqaviləsinin müddətinin bitdiyini və tərəflərin artıq bu sənəd üzrə heç bir öhdəlik daşımadığını bildirib.
Açıqlamada Rusiyanın müqavilənin uzadılması üçün cəhd göstərdiyi, lakin ABŞ tərəfindən bu təşəbbüsə cavab verilmədiyi qeyd olunub.
Nazirliyin bəyanatında vurğulanıb ki, mövcud vəziyyətdə müqavilə tərəfləri növbəti addımlarını sərbəst şəkildə müəyyən edə bilərlər. Eyni zamanda, Rusiyanın milli təhlükəsizliyinə yönələ biləcək əlavə təhdidlərin qarşısını almaq üçün “qətiyyətli hərbi-texniki tədbirlər” görməyə hazır olduğu bildirilib.
2010-cu ildə imzalanan “Yeni START” müqaviləsi ABŞ-nin 1991-ci ildə Sovet İttifaqı və 1993-cü ildə Rusiya Federasiyası ilə imzaladığı “START-1” və “START-2” sazişlərinin davamı kimi qəbul olunur. Müqavilə ABŞ və Rusiya arasında uzunmənzilli nüvə başlıqları və onları daşıyan raketlərə ciddi məhdudiyyətlər qoyurdu.
Keçən il Rusiya müqavilənin şərtlərinə daha bir il riayət edəcəyini açıqlamışdı. Bu əlavə müddət bu gün rəsmi olaraq başa çatır.
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2025-ci ilə qədər ABŞ və Rusiya dünyanın ən böyük nüvə arsenalına malik iki ölkədir. Rusiya təxminən 5459, ABŞ isə 5177 nüvə başlığına sahibdir. Çinin nüvə döyüş başlıqlarının sayının isə 600-dən bir qədər çox olduğu ehtimal edilir.
Qüvvədə olan son nüvə sazişi 2010-cu ildə Praqada ABŞ-nin sabiq prezidenti Barak Obama və Rusiyanın ozamankı lideri Dmitri Medvedev tərəfindən imzalanmışdı. Müqavilənin qüvvədən düşməsi “Soyuq müharibə”dən sonra formalaşmış nüvə silahları balansının ciddi şəkildə sarsılması kimi qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər