Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun müşaviri Serhey Sternenko Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün mülki “Starlink” peyk sistemindən istifadə etməsi barədə iddiaları təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, Sternenko bu barədə “X” hesabında bildirib.
Mütəxəssisin sözlərinə görə, 2026-cı ilin fevral ayında tətbiq edilən “icazə siyahısı” (white lists) mexanizminə əsasən, hər bir peyk terminalının işləməsi üçün o, xüsusi reyestrdə qeydiyyata alınmalı və hərbi təyinatlı “Starshield” sisteminə qoşulmalı idi:
“Bu səbəbdən hücumlar üçün mülki şəbəkədən istifadə texniki baxımdan qeyri-mümkün olub. Peyk əlaqəsi tələb edən bütün PUA missiyaları yalnız “Starshield” vasitəsilə həyata keçirilə bilərdi. Mülki “Starlink”lərin dron əməliyyatlarında istifadəsi texniki olaraq mümkün deyildi. Ukrayna istifadə şərtlərini pozmayıb”.
Qeyd edək ki, insidentin mənşəyi oktyabrın 23-də “The Economist” nəşrində dərc olunmuş məqaləyə dayanır. Məqalədə trilyonçu İlon Maskın Ukraynanın Rusiya Neft Emalı Zavodlarına (NEZ) təşkil etdiyi PUA zərbələrinə cavab olaraq “Starshield”in fəaliyyətinə məhdudiyyətlər qoyulması barədə göstəriş verdiyi iddia edilirdi.
Daha sonra Mask “X” hesabında Kiyevi mülki şəbəkədən hərbi məqsədlərlə istifadə edərək qaydaları pozmaqda ittiham etmiş və bu “boşluğun bağlandığını” bəyan etmişdi.
Yaranan böhrandan sonra Ukraynanın müdafiə naziri Yevgeni Xmara açıqlama verərək problemin artıq aradan qaldırıldığını bildirib. Nazirin sözlərinə görə, cəbhə boyu terminallar 400 km/saatdan yüksək sürətlərdə belə sabit əlaqəni təmin edir ki, bu da PUA-ların təhlükəsiz idarə olunması üçün kritik əhəmiyyət kəsb edir.
Son xəbərlər
Son Xəbərlər