“Sübutların saxtalaşdırılmasında iştirakı bilinərsə, hansı tədbirlər görüləcək?”

subutlarin-saxtalasdirilmasinda-istiraki-bilinerse-hansi-tedbirler-gorulecek
Oxunma sayı: 792

“2016-cı ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı maddələr əlavə edilmişdi. Lakin korrupsiya ilə mübarizədə məlumat verməni təşviq etmək hansı həddən sonra dövlət idarəçiliyində qarşılıqlı şübhə, idarəçiliyi diversiya etmək, rəhbər şəxslərə qarşı kampaniya aparmaq və şəxsi hesablaşma vasitəsinə çevrildiyini də müəyyənləşdirmək gərəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Dövlət qulluğunda sədaqət qanunsuzluğa susmağı tələb etmir, lakin korrupsiyaya qarşı mübarizə adı ilə hər bir dövlət qulluqçusu üzərində total qanunsuz nəzarət aparmaq hüququ da verməməlidir.

Xarici dövlətlərin modelləri cəmiyyətimizin tarixi təcrübəsindən və idarəçilik ənənələrindən kənarda tətbiq edə oluna bilməz. Əsassız ittihamların, anonim şikayətlərin insanların taleyinə necə təsir göstərdiyi tarixi yaddaşımızdan silinməyib. Əlbəttə, korrupsiya haqqında vicdanla məlumat verən şəxslə qərəzli xəbərçini eyniləşdirmək olmaz. Birincisi dövlət mənafeyini müdafiə edir, ikincisi isə qanundan şəxsi məqsədlərlə istifadə edir.

Vəzifəyə yüksəlmək istəyən bir kadr rəqib hesab etdiyi həmkarı ilə bağlı qərəzli məlumat təqdim edirsə, başqa halda vəzifəli şəxs barəsində məlumatın açıqlanacağı ilə hədə-qorxu gəlirsə, ondan vəzifə, təyinat, müqavilə və ya maddi üstünlük tələb edirsə, o zaman qanun korrupsiyadan daha böyük cinayətə-sabotaja səbəb olur.

Qanun layihəsinin mediada müzakirəsi də göstərir ki, “Rüşvət görsəniz, xəbər verərdiniz?” sualına respondentlərin cavabları kəskin şəkildə fərqlənir, ictimai rəydə parçalanma və qütbləşməni göstərir. 

Layihənin 16-cı maddəsinə əsasən, verilən məlumat təsdiqləndikdə təşkilat rəhbərinin qərarı ilə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilə bilər. Lakin məlumatın ilkin araşdırmada təsdiqi ilə məhkəmənin yekun qərarı arasında ziddiyyət yaranarsa, əvvəlcədən ödənilmiş mükafatın taleyi necə olacaq? Mükafat almış şəxsin sonradan sübutların saxtalaşdırılmasında iştirak etdiyi müəyyən edilərsə, hansı tədbirlər görüləcək?

Təklif edirik ki, bilə-bilə yalan məlumatın təqdim edilməsi, sübutların saxtalaşdırılması və şantaj məqsədilə məlumatdan istifadə hallarında məsuliyyətin tətbiqi dəqiqləşdirilsin, barəsində məlumat verilən şəxsə sübut təqdim etmək, araşdırmanın nəticəsindən şikayət vermək və əsassız ittihamdan dəymiş zərərin ödətdirmək imkanları da təmin edilsin. Rəhbər şəxslər və əməkdaşlar öz qanuni fəaliyyətlərinə görə əsassız ittihamlarla karyeralarının və şəxsi nüfuzlarının dağıdılacağı qorxusu altında yaşamamalıdırlar.

Dövlət orqanında çalışmaq nə toxunulmazlıq, nə də əvvəlcədən təqsirli hesab edilmək deməkdir.

Biz elə qanun qəbul etməliyik ki, korrupsiyanı ifşa edən vicdanlı insan müdafiəsiz qalmasın, lakin xalqımıza ləyaqətlə xidmət edən on minlərlə dövlət qulluqçuları və qanuni fəaliyyət göstərən məmurlar əsassız ittihamın girovuna çevrilməsin”, - komitə sədri əlavə edib.

Nuranə Daxilqızı