Süni intellekt fermerlərə necə kömək edə bilər?

suni-intellekt-fermerlere-nece-komek-ede-biler
Oxunma sayı: 464

“Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. O, kənd təsərrüfatında sadəcə texnologiya deyil, həm də ərzaq təhlükəsizliyi və kənd iqtisadiyyatının modernləşməsi üçün strateji alətə çevrilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Azərbaycanın növbəti mərhələdə “ağıllı kənd təsərrüfatı” modelinə keçidi real və zəruri istiqamətdir. Bütün bunları nəzərə alaraq, 2 vacib təklifi nəzərinizə çatdırmaq istəyirəm: Birincisi, “Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılmasıdır. Dövlət və aqrar qurumların məlumat bazaları əsasında vahid süni intellekt platforması qurula bilər. Bu platforma fermerlərə mobil tətbiq vasitəsilə tövsiyələr verər.

Platforma aşağıdakı imkanları təmin edə bilər:

Peyk görüntüləri və sensorlar əsasında torpağın rütubəti və məhsul vəziyyətinin analizi, xəstəlik və zərərvericilərin erkən aşkarlanması, suvarma və gübrələmə üçün optimal vaxtın müəyyən edilməsi, region üzrə məhsuldarlıq proqnozlarının verilməsi və s. Bu, xüsusilə kiçik və orta fermerlərin texnologiyaya çıxışını artıraraq məhsuldarlığı ciddi şəkildə yüksəldə bilər.

İkinci təklifim isə aqrar dron və robot texnologiyalarının tətbiqi ilə bağlıdır. Süni intellektlə işləyən aqrar dronlar və robot texnikası üçün xüsusi tətbiq yaradıla bilər. Bu proqram çərçivəsində dronlar vasitəsilə sahələrin monitorinqi və xəritələşdirilməsi, dəqiq pestisid və gübrə səpilməsi (israfın azalması), böyük sahələrdə avtonom texnika ilə əkin və yığım, Aqrar universitetdə süni intellekt və aqrotexnologiya laboratoriyasının yaradılması həyata keçirilə bilər. Bu yanaşma su və gübrə istifadəsini azaldar, məhsuldarlığı artırar, kənd təsərrüfatını daha rəqabətli edər”, - deputat qeyd edib.

Nuranə Daxilqızı