Mayın 22-də Suraxanı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi, memarlıq tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Fuad Cəbrayılov, Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Rəşad Quliyev və Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları, RİH başçısının sektor müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə Bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin rəhbərləri iştirak ediblər.
Fuad Cəbrayılov tədbir iştirakçılarını salamladıqdan sonra Suraxanı rayonunda bu sahədə mövcud vəziyyətdən danışaraq bildirib ki, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlərin təhlili son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində sularda həlak olma faktlarının xeyli azaldığını, insanların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş işçi müşavirələrin öz səmərəsini verdiyini göstərir.
Tədbir proqrama uyğun olaraq bu sahə üzrə müxtəlif mövzular ətrafında məruzələrlə davam edib. Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin istismarına nəzarət şöbəsinin inspektoru daxili xidmət baş leytenantı Hikmət Müseyibzadə “Su hövzələrində insanlarınların təhlükəsizliyinin təmin edilməsi”, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Elçin Cabbarov “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Suraxanı rayon 1 saylı Bölməsinin həkimi Oqtay Xudayev “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arzu Quliyeva “Çimərlikdə dəniz suyunun təmizlik vəziyyəti”, Suraxanı Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin baş inspektoru, polis kapitanı Tural Hacızadə “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzuları ilə çıxış ediblər.
Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda müşavirəyə F.Cəbrayılov yekun vuraraq səslənən və diqqətçəkən problemlərin, söylənən fikirlərin, verilən tapşırıqların gündəlik işdə öz əksini tapacağına və onların yüksək səviyyədə yerinə yetirilməsinə rayonun aidiyyəti idarə rəhbərlərinin səy göstərəcəyinə inandığını bildirib, eyni zamanda bu ilki yay mövsümünün həm Suraxanı rayonunda, həm də paytaxtın digər çimərliklərində fövqəladə hadisələrsiz keçməsini və əhalinin rahat və təhlükəsiz istirahət edə bilməsini arzulayıb.








Son xəbərlər
Son Xəbərlər