Suriya hakimiyyəti SDQ ilə bu məsələdə razılığa gəldi

suriya-hakimiyyeti-sdq-ile-bu-meselede-raziliga-geldi
Oxunma sayı: 227

Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa ilə “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri Məzlum Abdi arasında əldə olunan tarixi razılaşmaya əsasən, ölkənin şimal-şərqindəki təhlükəsizlik arxitekturası yenidən qurulur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, yanvarın 18-də Dəməşqdə imzalanan 14 maddəlik sazişə əsasən, Həsəkə və Qamışlı şəhərlərində daxili təhlükəsizlik Suriya Daxili İşlər Nazirliyinə tabe olan, lakin yerli əhalidən formalaşdırılan polis qüvvələri tərəfindən təmin olunacaq.

Razılaşma çərçivəsində tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və silahlı dəstələrin şəhər mərkəzlərindən çıxarılması barədə öhdəlik götürüblər.

Sazişin əsas şərtlərinə görə, Suriya ordusunun ağır texnikası və nizamlı hissələri Həsəkə və Qamışlı şəhərlərinin daxilinə girməyəcək, yalnız şəhər kənarlarında yerləşəcəklər. SDQ-nin bütün hərbi bölmələri isə Fərat çayının şərq sahilinə çəkiləcək. Eyni zamanda, bölgədəki bütün strateji obyektlər, o cümlədən neft-qaz yataqları və sərhəd keçid məntəqələri rəsmi Dəməşqin nəzarətinə keçir. SDQ üzvlərinin fərdi qaydada və təhlükəsizlik yoxlamalarından keçdikdən sonra dövlətin güc strukturlarına inteqrasiyası nəzərdə tutulur.

Paralel olaraq, Rusiya hərbçiləri Qamışlı aerodromundakı bazanı boşaldaraq ağır texnikalarını Xmeymim bazasına köçürüblər.

Qeyd edək ki, tərəflər arasında yanvarın 24-dən etibarən atəşkəs rejimi daha 15 gün müddətinə uzadılıb. Bu müddət ərzində İŞİD məhbuslarının saxlanıldığı düşərgələrin mühafizəsi və idarəetmənin tam təhvili prosesi davam etdiriləcək.