Şuşa itirilərsə, başına güllə çaxacağını deyən “oğlan” görəsən Şuşanı görməyə getdimi?!

susa-itirilerse-basina-gulle-caxacagini-deyen-oglan-goresen-susani-gormeye-getdimi
Oxunma sayı: 771

Bu gün dünyanın qlobal siyasi tablosunda iz də, dəyər də, məntiq də, hətta müttəfiqlik və düşmənçilik anlayışının özü, mahiyyəti, çərçivə xətti də o qədər itib, yox olmaq səviyyəsinə yaxınlaşıb ki, artıq bilmirsən nə proqnoz verəsən, necə təhlil aparasan, hansı ipucundan tutub, yapışıb danışasan...

Yəni, nəzəri cəhətdən hər şey mümkündür. Bir baxarsan ki, Amerika ilə İran eyni alyansdadır. Ya da Rusiya ilə Ukrayna dostluq, qardaşlıq perspektivlərini müzakirə edirlər. Niyə də yox?! “Dərin dövlət” adlandırdığımız gözəgörünməz güclər, mistik icraçılar məgər bənzər layihələri azmı icra ediblər? Xeyr. Presedent yetərincədir.

Və ya, “qaz” verib, kimisə ortalığa buraxanlar. Sonra da sakit dayananlar. Başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini quranlar. Peşəkar fürsətçillər. Riyakarlar. Azdırmı? Yenə də xeyr! Yenə də nümunə kifayət qədərdir və hamısının da oxşar tərəfi, bənzərliyi ondadır ki, həmin nümunələr yalnız və yalnız boşluq, imkan, şərait olan yerdə cücərir, bitir və bəhrə verir.

Qısası, hazırda ixtiyari lider öz dövlətini, millətini 2 əsas təhlükədən qorumağı bacarmalıdır: Qlobal oyunçulardan və nadan fürsətçillərdən.

Və əgər bunu bacardınsa, artıq “ixtiyari” kontekstindən çıxırsan və ixtiyarlı, ötkəm, sanballı lider olursan. Eynən, İlham Əliyev kimi!

Amma, çoxmudur belələri? Çoxmudur, onuntək ürək sahibləri? Deməzdim. Xüsusən də son dövrlər həm yaxın həndəvər(lər)də, həm Avropa miqyasında, həm də fövqəlgüclərin timsalında ciddi səmimiyyət kasadlığı, krizisi seyr edirik. Sanki dəb dəyişib və 30 il əvvəlin moduna qayıdılıb.

Sanki “köhnə kişi”lərə xas olan “kəlmə” anlayışı siyasətdə də deqrodasiyaya uğrayıb. Sanki hakimiyyətlərin ünsiyyət, rabitə, yanaşma trendləri başqalaşıb. Sanki dünyanın daha rahat idarə edilməsi üçün ciddi adamlara ehtiyac azalıb. Və nəhayət:

Sanki bizim “AXC - Müsavat” dövründəki keçmişimiz, Marqaret Tetçerlə qədəh - qədəhə çaxır vurduqdan sonra bir topa “petruşka”nı əlinə dolayaraq rabiteyi - həzmdən keçirən Baş Nazirimiz indi də başqa bir dövlətin ərazisində və özü ilə hər yerə banan daşıyan başqa bir Baş Nazirin simasında yenidən zühur etməyə başlayıb...

Hə, bilirəm, indi bir çoxları deyəcək, Elşən yenə 92 - 93 - cü illərin ekskursiyasına çıxdı. Fəqət, inanın, vallah - billah, özümdən asılı deyil və həmin dövrləri hər dəfə (davamlı) xatırlatmaqda, yaddaşları təzələməkdə fayda görürəm. Ki, haradan haraya gəldiyimizi unutmayaq.

Biz o zaman gerçəkdən yiyəsiz olmuşuq, əzizlərim. Məhz, yiyəsiz. Tam yiyəsiz!

Biz, Heydər Əliyev yenidən hakimiyyətə qayıdana qədər “avtopilot”a qoşulmuşuq, əzizlərim. Bu, faktdır. Danılmaz fakt!

Ona görə, yağmalayıblar hər şeyimizi. Torpağımızı, suverenliyimizi, potensialımızı, ümidimizi...

Hərdən deyirlər ha, ay müstəqilliyin ilk illəri idi, ona görə çətinlik vardı, filan - feşməkan...Yox. Bəhanədir! Və ya: Səbəb hər nə olursa olsun, kimsənin haqqı yox idi ki, Azərbaycanın üzərində belə dəlləklik etsin və “Gülümsərov təcrübəsi” aparsın!

Qarabağ kimi dərdi olan bir ölkənin hərbisinin başına riyaziyyat, diplomatiyasının başına fizika müəllimi gətirməyin başqa alternativi, sonucu, perspektivi ola bilməzdi!

Süddən, “kaşa”dan yeni ayrılan uşaq “dövlət katibi” postuna yerləşdirilirdisə, siyasi gündəmin nəbzi Surət kimi gədənin barmaq yelləyişi ilə tənzimlənirdisə, o nəhənglikdə ərazilərimiz 10 dəqiqəlik telefon danışığının sərsəm pafosuna qurban verilirdisə, cəbhədə düşmənə tuşlanmalı, ünvanlanmalı olan ağır artilleriya Milli Məclisin, Prezident Aparatının qarşısına yığılırdısa və nəhayət: Şuşanın “kurasiyası”, Şuşaya nəzarət, Şuşa ilə bağlı məruzələr həmin Şuşanın işğal xəbəri gələrkən indiki “Gənclik” Parkında, keçmiş “Əfsanə” kafesində, “lül - Qəmbər!” vəziyyətdə, yetkinlik yaşına çatmamış rus qızı ilə əylənən namərdə tapşırılırdısa, əlbət ki, batmalı idik. Necə ki, batdıq!

Şuşa demişkən...Nə vaxtdır bir fikir başımda elə hey fırlanır: Şuşa itirilərsə başına güllə çaxacağını deyən “oğlan” görəsən Şuşanı görməyə getdimi? Şuşadan utandımı? Şuşadan üzr istədimi?

Hələ o gün baxıram, radikallar indi də büdcə layihəsini hədəf alıblar. Bir səhifəsini belə oxumadıqları büdcə layihəsini. Sabahdan etibarən Milli Məclisin Plenar iclasında müzakirəsi aparılacaq büdcə layihəsini...Dərdləri - sərləri də yalnız və yalnız neft gəlirlərinin hesabatını aparmaq, rəqəmlərdə səhv tutmaq və kəllə - mayallaq yanaşmaları ilə fikir çaşdırmaqdır. Hərgah, bunların böyük qismi o kəslərdir ki, zamanında büdcəmizi 200 min dollar həcminə qədər endiriblər, Qızıl Fondunu süpürüləyiblər, ölkənin 80 faizini Burundi kimi elektriksiz, susuz, qazsız hala gətiriblər.

Amma, utanmasan oynamağa, atlanıb - düşməyə, klounluq eləməyə nə var ki?!

Utanmasan, illərdir maqnit kimi yapışdığın düşmənin əlindən “Maqnitski” mükafatını almağa və ardınca da onu az qala “Nobel” kimi  təqdim etməyə nə var ki?

Utanmasan, Əli Kərimlini müxalifət lideri, Tofiq Yaqublunu “kristal ziyalı”, Cəmil Həsənlini “əxlaq carçısı”, Hacı Talehi səmimi dindar adlandırmağa nə var ki?

Utanmasan, bütün qəliblərə uyğun gəlməyə, hamının ovcuna sığmağa, hər kəsin “şestyorka”sı olmağa nə var ki?!

Bəli. Erməni ilə müharibə bitib. Qarabağ öz əzəli sahibinə qayıdıb. Çox şükür!

Amma içimizdəki və çölümüzdəki riyakarlarla, anti - Azərbaycan qüvvələri ilə mübarizəmiz hələ bitməyib və sona qədər davam edəcək!

Dəyərli oxucular. Əziz bacı və qardaşlar!

Əvvəllər, çox ciddi hadisələr, öncədən proqnozlaşdırılması müşkül olan  proseslər, qonşu və ya digər ölkələrlə yaşanan gərginliklər zamanı xeyli təhlillər, dostlarla geniş fikir mübadilələri aparırdım, müxtəlif mülahizələr, ehtimallar irəli sürürdüm. Amma inanın, indi heç nə etmirəm. Daha dəqiq söyləsəm: Heç bir təfərrüata və xırdalıqlara varmıram. Sadəcə Prezidentimin gözlərinin içinə baxıram və beləcə, hər şeyin çox gözəl olacağı ilə bağlı əminliyimə qovuşuram..

Ona görə ki, hər şeyin ən düzünü, ən dəqiqini İlham Əliyev bilir!

Ona görə ki, İlham Əliyev müdrikdir, qərarları məntiqlə verir və ən kiçik detalları belə zərgər dəqiqliyi ilə ölçüb - biçir.

Ona görə ki, İlham Əliyev ən ağır sınaqlardan alnıaçıq çıxan, yürütdüyü milli, müstəqil siyasətlə öz dövlətinə, öz vətəndaşına sonsuz qürur bəxş edən, ikili standartların, riyakarlığın baş alıb getdiyi dünyada KİŞİLİYİ hələ də dəbdən düşməyə qoymayan Liderdir və belə bir ləyaqətli Liderə inanmaq, güvənmək insan övladına xas, məlum olan hisslərin, duyğuların ən alisi, ən gözəli, ən dəyərlisidir.

Tanrı Prezidentimizi qorusun.

Cümləyə əlavə çalar, bəlağət, mürəkkəblik qatmadan bir daha təkrar etmək istəyirəm: Tanrı Prezidentimizi qorusun!

Çünki, onu qorudusa, elə Azərbaycanı qorudu deməkdir...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.