“Tacikistan üçün ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır” - Yenilənib

tacikistan-ucun-ticaret-elaqelerinin-inkisafi-xususi-ehemiyyet-dasiyir
Oxunma sayı: 386

“Dənizə çıxışı olmayan bir ölkə kimi Tacikistan üçün nəqliyyat və ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən biz regional nəqliyyat dəhlizlərinin daha da genişləndirilməsində, ticarət prosedurlarının sadələşdirilməsində, Mərkəzi Asiya, Çin, Cənubi Asiya, MDB ölkələri və digər regionların bazarları ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri Abdurahmon Abdurahmonzoda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sessiyada çıxışı zamanı bildirib. 

“Biz anlayırıq ki, qlobal qeyri-müəyyənlik mühitində iqtisadi dözümlülüyə yalnız tək bir istiqamətə və ya tək bir tərəfdaşa arxalanmaqla nail olmaq mümkün deyil. Məhz buna görə də Tacikistan xarici iqtisadi əlaqələrini ardıcıl olaraq diversifikasiya edir və ticarət müstəvisində, eləcə də investisiya tərəfdaşları şəbəkəsini genişləndirməyə çalışır. Tacikistan üçün beynəlxalq əməkdaşlıq sadəcə mövcud çətinliklərin öhdəsindən gəlmək vasitəsi deyil. Bu, iqtisadi inkişaf üçün uzunmüddətli bir bünövrədir. Biz yeni tərəfdaşlıqlara və birgə investisiya layihələrinə, həmçinin ticarət, nəqliyyat, energetika, rəqəmsal iqtisadiyyat və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə açığıq.

Məqsədimiz sadəcə qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmaq deyil, bu dəyişiklikləri Tacikistanın iqtisadi transformasiyasını sürətləndirmək, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaq, davamlı artımı və xalqımız üçün daha böyük imkanları təmin etmək üçün bir təkan kimi istifadə etməkdir”, - nazir bildirib.

Günel İbrahimova

***

Daha sonra Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov çıxış edib:

“Biz dolanışığı daha da yaxşılaşdırmaq istədiyimiz 40 milyonluq ölkəyik. Bu bütün Mərkəzi Asiya regionunun yarısı deməkdir və çox sürətlə inkişaf edirik. Demək olar ki, hər il ölkədə 1 milyon uşaq anadan olur ölkədə və əsas diqqət etdiyimiz məsələ odur ki, biz insanlarımıza investisiya yatıraq”.

O qeyd edib ki, bəzi strateji sahələr var ki, ora investisiya yatırmaq planlaşdırılır. Bunlar sosial sahələr, infrastruktur, istehsaldır: “Bütün prioritetləri qeyd etməyəcəm, vurğulamaq istəyirəm ki, bizim nail olmaq istədiyimiz iki əsas tapşırıq var. Birincisi, istəyirik ki, kapital bazarını Özbəkistanda daha da inkişaf etdirək və bu, Milli İnvestisiya Fondunun yaradılması özündə ehtiva edir. Burada nəzərdə tutulmuş investisiyanı 4 dəfə artırmaq məqsədini güdürük və həmçinin məqsəd 3 milyarddan artıq investisiyanın əhatə olunmasıdır. Özbəkistanda olan aktivlərə olan diqqətdən danışa bilərik və biz burada çalışırıq daha sistemli yanaşmaya keçək. Deməzdim biz bunu tam qurmuşuq, amma qanunvericiliyi qəbul etmişik”.

Nazir həmçinin bildirib ki, Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması ilə bağlı qanun qəbul olunub: “Bu ayrıca yurisdiksiyaya malik olacaq və burada ayrıca qanunlar olacaq. İdeya ondan ibarətdir ki, gələn investorların nəyisə yenidən öyrənməyinə, Özbəkistan qanunvericiliyinə uyğunlaşmağına ehtiyac yoxdur. Bütün investisiyalar, fəaliyyət İngiltərə qanunlarına uyğun olaraq aparılacaq. Biz insan kapitalına da investisiya qoymağı fikirəşirik və əsas diqqətimiz rəqəmsal inkişaf və süni intellektlə bağlı olacaq. Ötən il biz bilirik ki, informasiya texnologiyaları sahəsində 1 milyard dollar ixraca nail olmuşuq və bunun da təxminən 60 faizi Şimali Amerikaya yönəldilib.

Biz burada artımla bağlı daha çox potensial görürük və istəyirik ki, informasiya texnologiyaları ilə bağlı 2030-cu ilə qədər 5 milyard ixraca nail olaq. Süni intellektlə bağlı infrastrukturu daha da inkişaf etdirmək istəyirik, yaşıl enerji ilə bağlı daha yaxşı nəticələr əldə etmək istəyirik. İstəyirik ki, data mərkəzlərinə yaşıl enerji ötürə bilək. Bəzi ölkələrdən bu sahələrlə bağlı artıq bizə investisiya qoyulub. Biz artıq bu prosesə başlamışıq, strategiyamız var, aydın tapşırıqlar müəyyənləşdirmişik və çalışırıq ki, bu məsələlərlə bağlı məqsədlərə nail ola bilək. Özbəkistanı cəledici, dayanıqlı bir ölkəyə çevirək”.

Gülnar Əliyeva