Saxalində casusluq şübhəsi ilə həbs edilən yaponiyalı jurnalist İmai Yukinin iş yeri və əşyaları arasında Yaponiyanın İkinci Dünya müharibəsi zamanı SSRİ-yə qarşı bakterioloji hücumlar hazırlaması ilə bağlı məxfi arxiv sənədlərinin sürətləri tapılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) yaydığı rəsmi kadrlar və məlumatda bildirilir.
Məlumata görə, axtarışlar zamanı yapon müxbirin iş masasında FSB tərəfindən 2025-ci ildə məxfiliyi ləğv edilmiş “Yaponiyanın SSRİ-yə qarşı bakterioloji müharibə hazırlığı haqqında” xüsusi məruzənin fotoşəkilləri və çap olunmuş nüsxələri aşkarlanıb. Sənədlərdə Yaponiyanın məşhur “Dəstə №731” (Unit 731) vasitəsilə insanlar üzərində taun, vəba, yatalaq və qara yara xəstəliklərinin törədiciləri ilə dəhşətli təcrübələr apardığına dair faktlar yer alır.
Xatırladaq ki, oktyabrın 13-də Saxalində saxlanılaraq Moskvaya gətirilən yaponiyalı jurnalist, həmçinin Yaponiyanın xüsusi xidmət orqanlarının maraqları naminə Rusiyanın “Xüsusi Hərbi Əməliyyat”ındakı səfərbərlik və könüllü sayı barədə məlumat toplamaqda təqsirləndirilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənlərin təsadüfi və tək hadisə olmadığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər