TƏBİB sədri onları da işdən çıxardı - Yenilənib

tebib-sedri-onlari-da-isden-cixardi
Oxunma sayı: 6393

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, - 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

***

Konkret.az-ın məlumatına görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru Mirələm Cəlalov da vəzifəsindən azad olunub.

M. Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.

Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.