Təbrizdə gənc Aylar Həqqi öldürüldü

tebrizde-genc-aylar-heqqi-olduruldu
Oxunma sayı: 2725

Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqinin öldürülməsi barədə məlumat yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, onun hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsi nəticəsində öldürüldüyü bildirilir. 

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib. Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib.

ABŞ-dan olan politoloq Maykl Doran da öz tviter hesabında İranda etiraz aksiyaları zamanı öldürülən Aylar Həqqinin dəfn mərasimindən görüntülər paylaşıb.

“İranın Azərbaycan-türk hissəsinin qeyri-rəsmi paytaxtı olan Təbrizdə bu gün Aylar Həqqi üçün böyük dəfn mərasimi keçirilib. İran təhlükəsizlik qüvvələri onu öldürdükdən sonra qazıntı sahəsinə yıxılaraq öldüyünü iddia edirdilər”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, etirazlar başlayandan noyabr ayının 16-dək İranda öldürülənlərin sayı 362 nəfərə çatıb.